Modern.az

Avropa Oyunları zamanı muzeylərdə milli geyimlər təqdim olunacaq - AÇIQLAMA

Avropa Oyunları zamanı muzeylərdə milli geyimlər təqdim olunacaq - AÇIQLAMA

3 İyun 2015, 09:06


Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan Bakı şəhərində yerləşən muzeylər, tarix və mədəniyyət qoruqları I Avropa Oyunları üçün tam hazırdır.

Modern.az saytına açıqlama verən nazirliyin informasiya və ictimai əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirib ki, muzeylərdə bütün hazırlıq işləri yekunlaşıb: “Muzeylər I Avropa Oyunları üçün hazırdır. Oyunlarla bağlı olaraq iş saatları uzadılıb. Bütün muzeylərə tapşırılıb ki, yeni kompozisiyalar və sərgilər təşkil edilsin.

Nazirliyin tabeliyində olan muzeylərdə, tarixi və mədəniyyət qoruqlarında da ekspozisiyalar hazırlanır. Hətta oyunlar üçün Atəşgahın da ekspozisiyası yenilənib və təqdim olunub”. Oyunlar ərzində Azərbaycanın milli geyimlərini necə təqdim olunması məsələsinə münasibət bildirən sektor müdiri deyib:

“Oyunlar dövründə Azərbaycan milli irsini, incəsənətini, mədəniyyətini həmçinin turizm imkanlarını ən yaxşı şəkildə təqdim etmək bizim üzərimizə düşən vəzifədir. Biz ən layiqli şəkildə ölkəmizi təmsil etməyə hazırıq. Muzeylərdə milli geyimlərimiz olacaq. Hər hansı tədbirdə də Azərbaycanın milli rəqsləri nümayiş olunacaq.

Muzeylərdəki yeni ekspozisiyalarda milli geyimlərimiz təqdim olunur. Nazirliyin sifariş etdiyi reklam çap məhsullarında Azərbaycanın irsi (əl sənətkarlığı il bağlı nümunələr, xalçalıqla) nümayiş olunub. Həmin reklam çarx məhsulları bütün mehmanxanalarda, hava limanında, Bakının mərkəzində, informasiya köşklərində, Bakı turizm informasiya mərkəzində, Mingəçevir turizm informasiya mərkəzində yayımlanacaq”.

Vüqar Şixəmmədov teatrlarda da repertuarın artıq təsdiq olunduğunu vurğulayıb:

“Dörd teatrda - Musiqili Komediya, Akademik Milli Dram, Gənc Tamaşaçılar və Rus Dram teatrlarında oyunlarla bağlı xüsusi avadanlıqlar vasitəsilə turistlər üçün tərcümə olunan versiyada tamaşalar nümayiş olunacaq.

Digər teatrların da repertuarı təsdiq olunub və həmin dövr üçün xüsusi proqramla fəaliyyət göstərəcəklər”.

Sevinc YASİNQIZI 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular