Əgər 20 il öncə xəstələr diş klinikalarının azlığından şikayətçi idilərsə, indi tamam fərqli vəziyyət yaranıb. Xəsətələr indi belə klinikaların çoxluğundan, antisanitar və s. qaydalara əməl edilməməsindən narazıdırlar. Diş klinikaları hepatıt və bu kimi digər yolxucu xəstəliklərin yayıcısı kimi də qəbul edilir? Stomatoloji lisenziyalar kimlərə və hansı şərtlərlərlə verilir?
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova lisenziyanın hansı şərtlər daxilində, kimlərə, necə verilməsi ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.
- Stomatoloji xidmətlərin göstərilməsi üzrə lisenziyalar hansı şərtlər əsasında verilir?
- Tibb fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziyanın) verilməsi qaydaları Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli fərmanı ilə təsdiq edilib, lisenziyanın verilməsi prosesi bu qaydaları ilə tənzimlənir.
Bu qaydalar əsasında lisenziya almaq istəyən şəxs müvafiq ərizə ilə Səhiyyə Nazirliyinə müraciət etməli və tələb olunan sənədləri təqdim etməlidir.
Ərizəçinin fəaliyyət obyekti Səhiyyə Nazirinin 07.04.2009-cu il tarixli 37 nömrəli və 15.04.2010-cu il tarixli 21 nömrəli əmrləri ilə müvafiq olaraq təsdiq edilmiş “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalar”ına və “Stomatoloji tibb müəssisələrə (kabinetlərə) dair sanitariya-gigiyena tələbləri”nə cavab verməlidir. İmtina üçün əsas olmadıqda ərizəçidən lisenziya verilməsinə görə dövlət rüsumunun ödənilməsi xahiş olunur, bu rüsumun ödənildiyini təsdiq edən sənəd təqdim edildikdən sonra ərizəçiyə lisenziya verilir.
- 2014-ci ildə necə stomatoloji lisenziya verilib?
- 2014-cü ildə Səhiyyə Nazirliyi tərəfindən stomatoloji xidmətlərin göstərilməsi üzrə ixtisaslaşan şəxslərə özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün 113 xüsusi razılıq (lisenziya) verilib.
- 2015-ci ildə necə nəfər lisenziya almaq üçün müraciət edib? Müraciət edənlərdən necəsinə icazə verilib?
- 2015-ci ildə “stomatologiya” ixtisası üzrə xüsusi razılıq (lisenziya) almaq üçün Səhiyyə Nazirliyinə 39 şəxs müraciət edib, onlardan 22 şəxsə artıq xüsusi razılıq (lisenziya) verilib.
Cari ilin iyun ayına qədər stomatoloji xidmətlərin göstərilməsi üzrə ixtisaslaşan şəxslərə özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün 24 ədəd xüsusi razılıq (lisenziya) verilib. Müqayisə üçün qeyd edək ki, 2014-cü ilin həmin dövr ərzində (iyun ayına qədər) yuxarıda göstərilən 113 lisenziyadan 36 lisenziya verilib.
SEVİNC YASİNQIZI