Modern.az

"ATƏT sədri Qarabağ İcmasına söz verib"– Rövşən Rzayev

"ATƏT sədri Qarabağ İcmasına  söz verib"– Rövşən Rzayev

3 İyun 2015, 12:24


ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç iyun ayının 1-də Azərbaycana səfər edib.

ATƏT sədri səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirib.

Bununla yanaşı o, ötən gün Qarabağın Azərbaycanlı İcmasında da müzakirələr aparıb.

İcmanın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev Modern.az saytına açıqlamasında bildirib ki, görüş zamanı ətraflı müzakirələr keçirilib:  

“ATƏT sədri bizə söz verdi ki, təşkilata rəhbərlik etdiyi dövr ərzində Qarabağ münaqişəsinin həlli ilə bağlı tutarlı addımlar atılacaq. Azərbaycan xalqı da məhz  lazımi addımların atılmasını və ərazi bütövlüyümüzün təmin olunmasını istəyir”.

Rövşən Rzayev onu da deyib ki, görüşdə icma nümayəndələri Ermənistanın Dağlıq Qarabağda girov saxladığı azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılmasını da xahiş ediblər.  

Deputat Dağlıq Qarabağın azərbaycanlı icması ilə erməni icması arasında görüş keçirilməsi perspektivi ətrafında da fikir mübadiləsi aparıldığını vurğulayıb:  

“ATƏT sədri və onun başçılıq etdiyi nümayəndə heyəti icmaların görüşü ilə əlaqədar bizə çox maraqlı suallar verdi.

Biz Ermənistanın təqsiri ucbatından Qarabağın erməni icması ilə uzun müddətdir görüşə bilmədiyimizi diqqətə çatdırdıq. Bildirdik ki, Dağlıq Qarabağın azərbaycanlı icması dialoq üçün səy göstərsə də, erməni tərəfi bu görüşdən qaçır. ATƏT sədrindən xahiş etdik ki, bu istiqamətdə bizə dəstək olsunlar”.  

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu