Modern.az

Gödən

Gödən

3 İyun 2015, 11:16

(hekayə)

Lap körpəlikdən gödəni Əlişə həmişə güc gəlirdi. Alnının ortasındakı iri çapıq da gödənxorluğundan nişanəydi. 6-cı sinifdə oxuyurdu. Qızmar yay günlərindən biri idi. Əmisigil qonaq gəlmişdi onlara. Həyətdə sərində palaz sərib nahar edirdilər. Soyuducudan təzəcə çıxarılmış qıpqırmızı qarpızın dadına baxmağa macal tapmamış atası ona əncir yığmağı tapşırdı. Atasından çox çəkinsə də, tamah yenə Əlişə güc gəldi. Atasının dəfələrlə təkidinə baxmayaraq, o, acgözlüklə qarpız yeməyə girişmişdi. Tamah ona o qədər güc gəldi ki, nəinki atasının buyruğunu, hətta, qarpızı qonaqlar üçün kəsdiklərini də unutmuşdu. Sözünün yerə düşməsindən çox oğlunun gödənqululuğundan xəcalət çəkən və bundan zara gələn atası hirslə ayağa qalxdı. Əliş bunu da hiss eləmədi. Atasının onun kürəyindən ayağının pəncəsiylə itələməsiylə Əlişin alnının qarpız doğranmış qabın qırağına dəyməsi və onu qan götürməsi bir oldu. Alnındakı çapıq məhz həmin xoşagəlməz məqamdan yadigardı. Ailənin səyinə baxmayaraq Əliş gödənxorluğunu tərgitmədi. Daha doğrusu, tərgidə bilmədi. Savadlı idi, əlaçıydı, başı yaxşı işləyirdi. Di gəl, gödəndi ki, gödəndi.

Sovet dövrü idi. 8-ci sinfi fərqlənmə ilə bitirib Bakıda pedaqoji texnikuma qəbul olundu. Tələbəlik dövründə də gödənindən əl çəkə bilmədi. Əksinə, buna bənzər digər qəribə xüsusiyyətləri də üzə çıxdı. Təbii ki, bunu ilk növbədə tələbə yoldaşları sezməyə başladılar. Diqqəti cəlb edən danışıq eşidəndə dərhal qeyri-ixtiyari qulaqları şəklənir, gözəgəlimli qızları görəndə az qalırdı ağzının suyu zincirlənə və sair... Zəkasının itiliyi, oxumağa tükənməz həvəsi, hərtərəfli intellektual potensialı da onu hərisliyindən xilas edə bilmədi. Sadəcə, yaş üstə yaş gəldikcə, o, mənfi xüsusiyyətlərini daha ustalıqla pərdələyirdi. Düzü, buna qismən nail də olurdu. Gödəninə yiyə dura bilməməsi ilə bağlı təkcə tələbəlik illərində başına gələn məzəli əhvalatlar barmaqla saya gələsi deyildi.

Qəribə də olsa, bəxti ayaq üstə idi. Gələcək taleyini qurmaq haqda düşünərkən də planlı hərəkət etməyi unutmadı. Bu baxımdan imkanlı ailədən olan tələbə yoldaşı Naziləni hələ xeyli əvvəldən “qaralamışdı”. 4-cü kursu bitirmək üzrə olanda əmin olmasa da, ürəyini ona açdı. Özünün də inanmadığı halda “hə” cavabını eşitdi. Nə qədər gödən olsa da, kəlləsi yaxşı işlədiyindən istər müəllimləri, istərsə də tələbə yoldaşları onu kifayət qədər çox istəyirdilər. Əslində, bir çoxları savadlı olduğuna görə ona həsəd də aparırdılar.

Evlənəndə məqsəd güddüyü kimi təyinatlarını Qubanın kəndlərindən birinə - azkomplektli məktəbə alanda da istəyi qısa vaxtda çoxlu pul qazanmaq idi. O vaxt belə məktəblərdə çalışanlara kifayət qədər yüksək maaş verirdilər. Bundan başqa hələ tələbə ikən “kəşfiyyat” apararaq öyrənmişdi ki, Qubada meyvə-tərəvəz yetişdirib Rusiyaya mal aparanlara satmaqla cəmi bir neçə il ərzində əməlli-başlı varlanmaq da mümkündür.

Arzusu qədərincə çin oldu. İştahı və bəxti nə təhər güclü idisə, övladları da dünyaya əkiz-əkiz gəldilər. Artıq iki oğlu və iki qızı vardı. Əlişi illər də dəyişə bilmədi. Onun dillərdə dastana çevrilən tamahkarlığından cana doyan, kənd camaatından utanan Nazilə balalarını da götürüb təkidlə həyat yoldaşının kəndinə - gəlin köçdüyü evə qayıtdı.

Xeyli vaxtdı Əliş tək yaşayırdı. Məktəbdən bekar vaxtlarında rayon mərkəzinə yollanardı. Bir dəfə təsadüfən Qubada tələbə yoldaşı Musaya rast gəldi. Xoş-beşdən sonra o, Əlişi Xaçmaza kəndlərinə qonaq dəvət elədi. Bazar günü idi. Yaxşı vaxt keçirdilər. Doyunca yeyib-içəndən sonra Musanın ağlına qəribə bir fikir gəldi. O, əməlli-başlı keflənmişdi. Beş il idi görüşmürdülər. Hər ikisi qiyabi təhsillərini başa vurmaq üzrə idilər. Onu maraq götürmüşdü. Görəsən, ötən müddətdə Əliş gödənxorluğunu tərgidib, ya yox?!.

Musa hiss etdirmədən qonağını həyətlərindəki ucsuz-bucaqsız meyvə bağının fındıq ağacları olan hissəsinə sarı apardı. Stol gətirib elə buradaca əyləşdilər. Mineral sulardan içə-içə şirin söhbətə girişdilər, olub-keçənləri xatırladılar. Əməlli-başlı yada düşər xatirələr məclisi alındı. Söhbətin ləzzətli məqamında Musa ciddi bəhanə gətirib yoldaşını müvəqqəti tək qoymalı “oldu”. Ətrafdakı təzəcə yetişən fındıqlar adama gəl-gəl deyirdi. Xaçmaz fındığı da ki, dadına görə Qəbələ fındığından heç geri qalan deyil. Bu fındıqların bir üstünlüyü də ondadır ki, onları iki əlin arasında çox da güc tətbiq etməyə ehtiyac qalmadan asanlıqla sındırmaq olur. Tamah Əlişə güc gəldi. Ətrafa boylandı. Tənhalıqdı. Ömründə fındıq görməyən əcnəbi tək döşəndi meyvə ağaclarına. Fındıqlar yağlı, özü də içkili olduğundan tezliklə bir neçə şüşə mineral suyun da axırına çıxdı. Təxminən bir saata yaxın vaxt ötəndən sonra Musa ona yaxınlaşanda Əliş güclə nəfəs alırdı. Ətrafa səpələnən saysız-hesabsız fındıq qabıqlarını görəndə Musanın gözləri bərəldi, amma elə o andaca özünü yığışdırdı. Bir az sonra evə dincəlməyə getdilər. Qaş təzəcə qaralmışdı ki, Əlişin əhvalı sürətlə pisləşdi, onu kəskin sancı götürdü. Vəziyyətin nə yerdə olduğunu dərhal anlayan Musa təşvişə düşən atası və qonşularının köməyi ilə onu Xaçmaza xəstəxanaya çatdırdılar. Əməlindən peşiman olan Musa Tanrıya yalvardı. Əlişin vəziyyəti doğrudan da çox təhlükəli idi. Nəhayət ki, həkimlər ciddi-cəhdlə Əlişin fındıqların şişməsindən partlamaq üzrə olan bağırsaqlarını yuyub təmizlədilər. Tədricən qonağın vəziyyəti sabitləşdi. Əslində özü günahkar olsa da, Əliş Musadan küsdü. İllərlə bir-birini aramadılar.

Günlərin birində onlar yenə də Qubada rastlaşdılar. Ani tərəddüddən sonra köhnə dostlar bir-birini bağrına basıb gülməkdən birtəhər oldular. Hal-əhval tutdular. Musa acizanə şəkildə indiyə qədər valideynlərinin qınaq obyekti olduğunu xatırlatdı. Bu dəfə Əliş özü yamanca darıxdığını və qarşıdakı istirahət günündə onlara gəlmək istədiyini bildirdi. Musanın sevincinin həddi-hüdudu yox idi, məmuniyyətlə onu gözləyəcəyini dedi.

Vədə yetişdi. Musanın ailəsi “günahlar”ını yumaq üçün səyini əsirgəməmişdi.  Sağlıq sağlığa qarışsa da, kimsə ötən hadisə barədə kəlmə də kəsmədi. Doyunca yeyib içəndən sonra Musa ilə Əliş həyətə düşdülər.  Əliş axşama yaxın Bakıya və oradan da ailəsinə dəymək üçün kəndlərinə gedəcəyini bildirdi. Musa Quba-Bakı avtobusunu məsləhət gördü. “İkarus” markalı həmin avtobuslar saatda bir dəfə yola düşürdü. Musa atasından Əliş üçün bilet almağı xahiş etdi. Xaçmazdan Qubaya bir addımlıq yoldu.

Hava bürkülü olduğundan Musa ilə Əliş mahiyyətinə də varmadan bağa sarı yön aldılar. Armud ağaclarının kölgəsində ayaq saxladılar. Günəş şüalarının işığında bu üzündən o üzü aydınca görünən Abasbəyi armudları adamı lap iştaha gətirirdi. Bu dəmdə dodaqları qaçan Musanın beynində “ideya” doğdu. İnsan xisləti olduqca qəribə və mürəkkəbdir. Elə bil, ötən dəfəki “eksperiment”inin ağır nəticəsindən sonra bütün varlığı ilə üzünü Allaha tutub yalvar-yaxar edən o deyildi. Tərslikdən Əliş soruşdu: - Musa, bu armud növünə mən heç yerdə rast gəlməmişəm?

Musa özündən uydurmağa başladı: - Hə, bu Şah Abbas dövründən qalma armuddur. Vaxtilə bu armud növünü şahın bağında xüsusi olaraq onun üçün yetişdiriblər. İnsan orqanizminin dərmanıdır, əvəzsiz meyvədir. Sonradan keçib rəiyyətin əlinə. Həmin armud ağaclarından Azərbaycanda tək-tək həyətlərdə var, yetişdirmək də çox çətindir. Təsəvvür elə, atam gecə-gündüz bunlara qulluq edir. O, bu beş-altı ağacı min bir zəhmət bahasına qoruyub saxlayıb. Söhbətin bu məqamında kimsə doqqazdan Musanı səslədi.  O, qapıya yaxınlaşdı, çağıran müəllim yoldaşı idi. Musa Əlişdən üzr istəyib 10-15 dəqiqəyə qayıdacağını dedi... Aranı xəlvət görən Əliş armudlardan birinin dadına baxdı. Çox xoşuna gəldi, armudu çeynəməyə də ehtiyac qalmırdı. Əliş sulu və ləziz meyvənin bir neçəsini dərhal aşırdı. Musa gələnə qədər gödənini əməlli-başlı otardı... Artıq avtobusa bilet də alınıb gətirilmiş, qonaq üçün bir neçə yeşik say-seçmə meyvə və tərəvəz də tədarük olunmuşdu. Sağollaşıb, xüsusi mehribanlıqla qonağı Qubaya yola saldılar.

Əliş avtobusda təzəcə yerini rahatlamışdı ki, əlindəki biletinə diqqət yetirən gözəl bir xanım onun yanında ayaq saxladı. Qıza gözünün sataşmağı ilə adəti üzrə Əlişin ağzı “tama” gəldi. Tezcə özünü yığışdırıb, qızın yerini tutmasına imkan yaratdı. Ötən illərdə dəfələrlə Qubadan Bakıya getsə də, belə cazibədar qızla heç yanaşı düşməmişdi. Söhbətləri tez tutdu. Öyrəndi ki, yol qonşusu Bakıda ali təhsilini başa vurmaq üzrədir. Xanımlığı və savadlılığı ilə diqqətini çəkən Rəna ilə yol yoldaşı olmağı onu çox sevindirdi.  Rəna da ilk baxışdan ona elə də xoş təsir bağışlamayan bu sərnişinin heç də pis adam olmadığını anladı. Söhbətləri yenicə maraqlı axara yönəlirdi ki, birdən Əlişi küt sancı bürüdü. O, tezcə özünü yığışdırıb bunu büruzə verməməyə çalışdı. Əlişin üzünü turşutmağı, daş kimi özünü sıxmağı, bir anın içindəcə lal-dinməz olmağı Rənanı karıxdırsa da, o, nədənsə söhbətinə ara vermədi. Yol yoldaşının alnını tər basması Rənanı lap çaşdırdı. Vəziyyət elə bir məqama yetişdi ki, Əliş “yol ver” demək belə iqtidarında olmadı. Dişlərini bir-birinə möhkəmcə qıcayan Əliş vaxtında bunu etmədiyinə peşimandı... Amma nə fayda?!. Vəziyyətin nəsə ciddi olduğundan duyuq düşən Rəna soruşdu: - Əliş müəllim, sizə nə oldu?

Əliş elə bil buna bənddi, taqəti tamam tükəndiyindən özünü saxlaya bilmədi. Bir neçə saat əvvəl dalbadal aşırdığı Abasbəyi armudları artıq öz işini görmüşdü. O, hələ möhkəm adamdı. Həmin armudun bir neçə dilimi belə başqasını çoxdan xəcil etmişdi. Əliş yerindəcə donub qalmışdı, qımıldanmağa da gücü qalmamışdı. Rəna özünü tamam itirdi. Heç cür nə baş verdiyini anlaya bilmirdi. Birdən kəskin qoxu hiss etdi. Təbii ki, azca keçmiş avtobusdakılar qəşş eləməkdən özlərini güclə saxlayırdılar. Avtobus üfunət içindəydi. Həmin məqamda Əliş dünyanın ən bədbəxt adamı idi. Qıy-qışqırıq salan sərnişinlər avtobusu saxlatdırdılar. Yol təxminən yarıydı. Əliş rüsvayçı vəziyyətdə avtobusdan düşdü. Sürücü ona toxtaqlıq verib öz yerinə keçmək istəyəndə Əliş ondan baqajdakı meyvə və tərəvəzlə dolu yeşikləri boşaltmasını xahiş etdi. Tamamilə biabır vəziyyətdə olmasına baxmayaraq avtobus gözdən itəndən sonra o, yeşikləri yoldan təqribən 100-150 metr məsafəyə daşıdı. Sonra yaxınlıqdakı dağa sarı götürüldü. Torpağın, yovşanların, əlinə keçən kağız parçalarının köməyi ilə paltarlarını bir təhər təmizləyib, qurutdu. Buna hardasa iki saata yaxın vaxt sərf elədi. Bu arada bir gözü yol qırağındakı yeşiklərdəydi. Alababat vəziyyətə gətirdiyi paltarını geyinib yola qayıtdı. Yeşikləri daşıyıb, şəxsi maşın saxlatdı. Başqa çıxış yolu qalmadığından birbaşa evə baha qiymətə də olsa, taksi ilə getməli oldu. Məcburiyyətdən başına gələni qısa şəkildə sürücüyə danışıb, ondan yolüstü Bakıda şalvar almasını xahiş etdi. İnsafən sürücü yaxşı adamdı, ona halı acıdı. Şəhərin girəcəyində yeni şalvarını geyinəndə Əlişin gözünə işıq gəldi. Paytaxtdan kəndə qədər onun xəcalət təri əskilmədi. Yolboyu ta uşaqlıqdan bəri gödənxorluğundan başına gələn saysız-hesabsız sərgüzəştlərinin əksəriyyəti kinolenti kimi gözləri önündən keçdi. Hələ də tam sakitləşmək bilməyən sancısı və mənəvi əzabları onu yumağa döndərmişdi. Əlişi yaxşıca anlayan sürücü də susmağa üstünlük vermişdi. Nəhayət ki, mənzil başına yetişdilər. Qapılarına çatanda balaları qabağına yüyürdülər. Uşaqlar da ki, ələ baxan olurlar. Onunla mehribancasına görüşsələr də, gözləri maşından düşürülən yeşiklərdəydi. Atalarının yalnız meyvə və tərəvəz gətirdiyini görəndə balaları məəttəlcəsinə soruşdular: - Ata bağ-bostanımızdakı meyvə-tərəvəz çürüyüb gedir, neyləyirdin bunları?!.

Yolboyunca qara bulud kimi dolan Əlişi elə bil ildırım vurdu. Göz yaşlarını saxlaya bilmədi. Hamı çaşqınlıq içindəydi. Kimsə Əlişə yaxınlaşmağa belə cəsarət eləmədi. Azca keçmiş Əliş səngimək bilməyən göz yaşları içində dizlərini yerə atıb əllərini yuxarı qaldırdı, Tanrıdan imdad dilədi. Bu acınacaqlı səhnədən mütəəssir olan həyat yoldaşı və övladları onu ehmallıca qaldırıb evə apardılar. 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular