Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin 95-ci sessiyasında iştirak edəcək. Bu barədə Modern.az saytına Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bilidirilib ki, Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti 3-12 iyun tarixlərində Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatı olan, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (İMO London şəhərində keçirilən Dəniz Təhlükəsizliyi Komitəsinin 95-ci sessiyasında iştirak edəcək.
Eyni zamanda Komitənin iclasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartlar, sərnişin gəmilərinin təhlükəsizliyi və digər bu kimi məsələlər ilə əlaqədar ümumi müzakirələr aparılacaq.
Həmçinin, Sessiya müddətində Azərbaycan Respublikasının nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatı rəsmiləri və Sessiyada iştirak edən Üzv Dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər, təcrübə mübadiləsi aparılması nəzərdə tutulub.
Qeyd edək ki, “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın II-1, II-2 Fəsillərinə və əlavələrinə, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın V Fəslinə, A-V/3 və B-V/3 bölmələrinə, eləcə də “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın 1978-ci il və 1988-ci il tarixli Protokollarına təklif edilən dəyişikliklərin nəzərdən keçirilməsi və qeyd olunan təkliflər ilə bağlı müzakirələrin aparılması Sessiyanın gündəmində duran əsas məsələlərdir.
Modern.az