Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Gəncədəki Dəmiryolçular Parkında yerləşən büstü ətrafında yaranmış qalmaqal davam edir.
Modern.az saytı xəbər verir ki, Milli Məclisin mayın 29-da keçirilmiş iclasında deputat Sabir Rüstəmxanlının bu məsələni qaldırması - Rəsulzadənin büstünün başına keçirilən çuvalın çıxarılmasını tələb etməsi parlamentdə qalmaqala səbəb olsa da, sonrakı gün problem həll olunmuşdu.
Belə ki, iki gün öncə büstün üstünə salınmış örtük götürülmüşdü.
Bu haqda məlumat və fotoşəkillərin dünən sosial şəbəkələr və internet mətbuatında yayımlanması görünür kimlərisə narahat edib və...
Dünən yenidən Məhəmməd Əmin Rəsulzadənin həmin büstünün başına çuval keçiriblər. Məlumatı və büstün örtülmüş vəziyyətdəki son şəklini Gəncə sakini Azər Allahverdiyev sosial şəbəkədə paylaşıb.
“Bu gün (dünən-red.) saat 12-13 radələrində yenidən büstün üstünü ördülər. Bu torbani heykələ taxan adamlar bir neçə gün öncə heykəldən torbanı çixaranlar idi”,-deyə A.Allahverdiyev bildirib.
Modern.az