Mərmərə Üniversiteti Halkla İlişkiler (PR) fakültəsinin magistr tələbələri Türkiyədə erkən yaşda evləndirilən qızlara diqqət çəkmək məqsədi ilə sosial kampanya həyata keçirib. "Yaşında gözəl" adlı kampaniya çərçivəsində sosial çarx yayımlayan tələbələr arasında həmyerlimiz də var. Türkiyədə magistr təhsili alan Rəşad Mehdizadə kampanya haqqındakı fikirlərini Modern.az-la bölüşüb:
"Statistika göstərir ki, Türkiyədə təxminən qızların 32 faizi erkən yaşda evləndirilir. Bu çox böyük rəqəmdir. Hər 3 qızdan birinin erkən yaşda evləndirliməsi gələcək üçün böyük təhlükədir. Biz də Mərmərə Üniversiteti Halkla İlişkiler magistr tələbələri olaraq, ictimaiyyətin diqqətini buna çəkməyə çalışdıq. Kampanya çərçivəsində "Hersey yasında gözəl" adlı sosial çarx ərsəyə gətirdik. Videoda erkən yaşda evləndirilən qızların uşaqlıq yaşamadan həyatın dərinliklərinə atıldığı vurğulanıb".
Bu tip olayların Azərbaycanda geniş miqyas almamasından məmnunluq hissini ifadə edən Rəşad Mehdizadə Türkiyənin əziyyət çəkməsinin üzücü olduğunu söyləyir:
"Şükürlər olsun ki, ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları geniş miqyas almayıb. Lakin bu hadisələr qardaş ölkə Türkiyənin ən böyük problemlərindəndir. Biz də öz növbəmizdə bu olaylara işıq tutmaq istədik".
Kampaniyaya Azərbaycandan da dəstək gözlədiyini deyən həmyerlimiz ictimaiyyətin bu mövzuya həssas yanaşacağına inanır:
"Kampanyamıza dəstək olmaq istəyənlər də öz növbəsində vidolarımızı izləyədikdən sonra, #herseyyasindaguzel etiketi ilə Facebook, Twitter ve Instagram hesablarından uşaqlıq şəkillərini paylaşa bilərlər".