Modern.az

Ərdoğanın keçmiş tərəfdarı: “Hakim partiyanın təkbaşına iqtidar olub-olmayacağı sual altındadır” - MÜSAHİBƏ

Ərdoğanın keçmiş tərəfdarı: “Hakim partiyanın təkbaşına iqtidar olub-olmayacağı sual altındadır” - MÜSAHİBƏ

Ölkə

3 İyun 2015, 15:58

“Pulum olmadığına görə namizədliyimi irəli sürməmişəm”


Türkiyənin keçmiş mədəniyyət və  turizm naziri, bitərəf millət vəkili, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sabiq üzvü Ərtoğrul Günay ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlı Modern.az saytının suallarını cavablandırıb:

- İyun ayının 7-də Türkiyə ictimai-siyasi həyatı üçün önəmli bir hadisə baş verəcək - ölkədə parlament seçkisi keçiriləcək. Seçki ilə bağlı proqnozlarınız necədir?

- Bu seçkilərin nəticələrini proqnozlaşdırmaq çox çətindir. Amma ilk baxışda görünən odur ki, AKP-nin səsləri bir qədər azalacaq. Buna baxmayaraq, AKP-nin təkbaşına iqtidar olub-olmayacağı da sual altındadır. Bu, çox düşündürücü və kritik bir sualdır.

- PKK-nın siyasi qanadı olan Xalqların Demokratik Partiyası da  (HDP) seçkilərdə uğur qazanmağa iddialıdır. Bu partiyanın parlamentə keçməsi Türkiyə üçün nələr vəd edir?

- Bəli, düz deyirsiniz, Xalqların Demokratik Partiyası 10 faizlik baryeri aşmağı qarşısına məqsəd qoyub. Bu partiya 10 faizlik baryeri keçəcəksə, Türkiyə parlamentində yeni bir canlanma olacaq. Həm də AKP-dən deputatların sayının çoxalmasına əngəl olacaq. Hazırda bütün diqqət HDP üzərinə yönəlib.

- HDP-nin lideri Səlahəddin Dəmirtaş seçkilərdə qalib olacağı təqdirdə ana müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) ilə kaolisiya hökuməti quracağını istisna etməyib. Bu, mümkündürmü?

- Türkiyədəki partiyalar AKP-dən başqa bütün partiyalarla koalisiya hökuməti formalaşdırmaq istəyər. Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə CHP də koalisiyaya gedə bilər və HDP də onlara kənardan dəstək ola bilər. Amma bütün bunlar AKP seçkiləri qazanmasa, baş verə bilər.

- Rəcəb Tayyib Ərdoğan Türkiyədə prezidentlik sisteminə keçidə israrlıdır. Parlament seçkilərindən sonra siyasi sistemdə dəyişiklik gözləyirsinizmi?

 - Türkiyədə prezidentlik sistemi heç vaxt olmayacaq. Çünki parlament seçkilərindən sonra CHP və MHP-nin deputat sayları artacaq. Həm də yalnız Rəcəb Tayyib Ərdoğan prezidentlik üsul-idarəsinin tərəfdarıdır. Ondan başqa heç bir siyasətçi prezidentlik sistemini dəstəkləmirlər. Ərdoğan prezidentlik sistemini idarəetmənin yaxşılaşdırılması üçün istəmir. Ərdoğan hüququn onu hesaba çəkməsindən sığortalanmaq üçün belə sistemi arzu edir. Bu, onun şəxsi arzusundan başqa bir şey deyil.

- Siz 2013-cü ilin dekabrında həyata keçirilən böyük rüşvət və korrupsiya əməliyyatlarından sonra AKP-dən istefa verdiniz və hazırda müstəqil millət vəkilisiniz. Niyə bu seçkidə namizədliyinizi irəli sürmədiniz?

- AKP-dən çıxdıqdan sonra da hər hansı bir partiyaya üzv olmağı düşünməmişəm. Müstəqil namizəd olanlara seçki kampaniyası üçün çoxlu maliyyə lazımdır. Amma mənim büdcəm yenidən namizəd olmağıma imkan vermir.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi