Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhərindəki Dəmiryolçular Parkındakı büstü ilə bağlı məsələ ictimaiyyətin qınağına səbəb olub.
Bir müddət öncə Rəsulzadənin büstünün başına keçirilən çuval çıxarılsa da, az keçməmiş əvvəlki vəziyyət təkrarlanıb. Büstünə yenidən örtülməsi cəmiyyətdə yaranan narazılığı bir az da artırıb.
Bu biabırçı hadisəyə görə nə Gəncə şəhər İcra Hakimiyyəti, nə də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məsuliyyəti öz üzərinə götürür.
Modern.az saytı mövzu ilə bağlı “İstiqlalçı deputatlar”dan münasibət öyrənib.
Ali Məhkəmənin keçmiş sədri, Vəhdət Partiyasının rəhbəri Tahir Kərimli bildirib ki, Məhəmməd Əmin Rəsulzadəyə edilən bu hörmətsizlik ürək ağrıdır:
“Buna ancaq təəssüflənmək lazımdır. Prezident İlham Əliyev Rəsulzadənin və Cümhuriyyət yaradıcılarının xatirəsinin əbədiləşdirilməsi üçün sərəncam imzalayıb. Cənab prezident özü Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılan abidəni ziyarət edib. Heç olmasa bundan nəticə çıxarmalıdırlar. Kimsə, niyə görə cəmiyyətdə qarşıdurma yaratmalıdır? Sanki bilə-bilə parçalanma yaradırlar. Bu nə olan şeydir ki, o çuvalı çıxarın!”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun isə cavabı belə olub:
“Çox ayıb bir hadisədir. Dövlət, cəmiyyət qarşısında çox böyük işlər görən adamların təhqir olunması yaxşı hal deyil. Müvafiq qurumlar bu çuval məsələsinə görə məsuliyyət daşıyır”.
Aqşin Kərimov