Modern.az

Qarabağ döyüşçüləri ilə Akif Nağının DAVASI - Tərəflərdən bir-birlərinə İTTİHAM

Qarabağ döyüşçüləri ilə Akif Nağının DAVASI - Tərəflərdən bir-birlərinə İTTİHAM

3 İyun 2015, 18:28


Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Qarabağ döyüşçülərinin koordinasiya şurasının yenicə fəaliyyətə başlayan işçi qrupunun Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı müraciətinə reaksiya verib.

Həmin işçi qrup da Akif Nağının fikirləri ilə bağlı açıqlama yayıb.

Qeyd edək ki, Birinci Avropa Oyunları ilə bağlı müraciəti keçmiş döyüşçülər Vaqif Əlisoy, Füzuli Rzaquliyev, Habil Şirinov, Firudin Məmmədov, Rey Kərimoğlu, Etimad Əsədov, Arif Paşa, Üzeyir Cəfərov imzalayıb. Həmin müraciətdə Bakıya gələcək erməni idmançılara radikal münasibət sərgiləməməklə bağlı çağırış yer alıb və bunun dövlətin nüfuzuna xələlə gəlməməsi baxımından vacib olduğu biildirilib

Keçmiş döyüşçülərin belə bir müraciətə imza atması Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının etirazı ilə qarşılanıb.
 
Qarabağ döyüşçülərinin işçi qrupu bu gün bəyan edib ki, “Akif Nağıya öz əxlaqına və tərbiyəsinə uyğun cavab verilib”.

“Həmişə populist və saxta vətənpərvərliyi ilə gündəmdə olan, hazır “dejurnı” bəyanatları ilə yadda qalan Akif Nağı, nə bir müəllim, nə də təşkilat rəhbəri səviyyəsinə sığan ifadələr işlədib.
Təəssüflər olsun ki, uzun illərdir bayağı vətənpərvərliklə, populist çıxışları ilə çörək qazanmaqla məşğul olan Akif Nağı artıq döyüşçüləri ittiham edir, hətta onları təhqir etməkdən belə çəkinmir. Dəfələrlə sifətini dəyişən, az qala riyakarlığın simvoluna çevrilən bir adamın nəinki Qarabağ döyüşçülərini ittiham etməyə, ümumiyyətlə, bu mövzuda danışmağa haqqı yoxdur! Qarabağın azadlığı üçün mübarizəsi ilə yox, cəmiyyətdə daha çox təlxəkliyi ilə yadda qalan Akif Nağı öz həddini və yerinə bilsə daha yaxşı olar! Biz ona müraciət edirik: Qarabağ müharibəsinə yaşın çata-çata niyə gedib erməniyə bircə güllə də atmadın! O ağır günlərdə döyüşdən qaçıb gizlənmisən, heç olmasa, indi təlxəklik eləmə, Akif Nağı! Ayıbdır!”

Modern.az saytı məsələ ilə QAT-ın sədri Akif Nağının rəyini öyrənib.

O, bildirib: “Mənim əxlaqım və tərbiyəmlə bağlı onların belə fikirlər söyləməsinə səviyyələri çatmaz. Digər tərəfdən, mən onların dediyi heç bir şeyə cavab vermək istəmirəm. Mən onların hərəkətləri ilə bağlı iradlarımı bildirdim. Nəzərə ala bilərdilər. Almasalar, özləri bilsinlər”.

Sevinc YASİNQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular