Mayın 15-də keçirilən növbəti iqtidar və müxalifət görüşündə I Avropa Oyunları müzakirə olunub.
Modern.az saytı bu sualla bir sıra partiya sədrlərinə müraciət edib.
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa:
“Müzakirə zamanı bu haqda fikrimi bildirəcəyəm. Çünki o vaxta qədər proses çox dəyişə bilər. Şərtlərdə bir qədər aydınlıq yoxdur. Formatda da hər hansı dəyişiklik ola bilər”.
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə:
“Biz, xüsusilə siyasi məhbuslar məsələsinin, ictimai institutlarda ictimai nəzarət mexanizmində müxalifətin iştirakının təmin olunmasını istəyirik. Fikrimizcə, Prezident yanında Əfv Məsələləri Komissiyasında, Televiziya Radio Yayımları Şurasında, penitensiar sistemdə, orduya ictimai nəzarətdə və digər strukturlarda müxalifətin namizədi olmalıdır. Formatda da dəyişikliklər olmalıdır. Elə partiya var ki, onların həmin görüşə heç bir aidiyyəti yoxdur. Əgər digər partiyalarda bunu təsdiqləsə, hakimiyyət həmin partiyaları dəvət etməyəcək”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu:
“Nnövbətin görüşün keçirilib-keçirilməyəcəyi hələ ki gündəmdə deyil. Format isə birdəfəlik müəyyənləşib. Dəyişə bilməz”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:
“Müxalifət və iqtidar görüşü çox mürəkkəb demokratik bir proseduradır. Görüşdə müzakirə olunan məsələlər tərəflər arasında razılaşdırılmalıdır. Hər iki tərəfin maraqlarına uyğun müzakirələr aparılmalıdır. Ona görə də biz iqtidarın aydın şəkildə özünün nədə maraqlı olduğunu bilmirik.
İqtidarın növbəti görüşdə müzakirəyə çıxaracağı məsələnin nə dərəcədə müxalifətin maraqlarına uyğun olub-olmadığına baxacağıq. Ondan sonra münasibətimizi bildirəcəyik. Geniş formatda görüşün olması müzakirələrin əhəmiyyətini aşağı salır, həm də mənasızlaşdırır. İqtidarın dediklərini tutuquşu kimi təkrar edən 20-30 nəfərin orda gəlib oturması müzakirələrin səviyyəsini aşağı salır. İqtidar dialoqu mübarizə yox, əməkdaşlıq müstəvisidir.
Görüşdə iştirak edən bir çoxlarının müstəqil fikirləri yoxdur.Məsələn, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının siyasiliyi nədən ibarətdir? Mən onu anlaya bilmirəm. Çox gülməli mövqelər ortaya qoyur. Tahir Kərimlini də buna misal göstərmək olar. Hətta Milli Məclisdə təmsil olunan partiyaların da orada iştirakı absurddur“.
Sevinc YASİNQIZI