Bir qrup müsavatçı sosial şəbəkədə partiyanın başqanı Arif Hacılının istefa verməsini tələb edib. Bəyanatda bildirilir:
“Müsavatçıların əksəriyyəti Arif Hacılının istefasını istəyir. Arif Hacılının istefası dağıtdığı Müsavat Partiyasının yenidən toparlanmasına stimul ola bilər. Qurultaydan 7 ay keçməsinə baxmayaraq, ciddi heç bir mübarizə aparılmayıb, əksinə müsavatçılar arasında nifrət, kin, ayrıseçkilik, nifaq salıb, müxalifətçilik oyunları oynayır. Arif Hacılı ancaq 7 aydır bəyanatlar verərək işini bitmiş hesab edir, partiyanın adından saxta bəyanat verir, qurultaydan sonra öz rəqiblərinin partiyadan çıxarılması üçün sifariş verib və partiyanın strukturları da Arif Hacılının sifarişlərini yerinə yetirib. Suraxanı rayon təşkilatında da Arif Hacılının istefası müzakirə edilib. Arif Hacılıya İS-TE-FA!”
Modern.az saytına bu məsələ ilə bağlı açıqlama verən Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, partiyada hər şey nizamnamə çərçivəsində həll olunur:
“Partiyanın qurultayında seçilən başqan haqda hər hansı istefa tələbi heç bir həqiqətə söykənmir. Ona görə də kimin nə söyləməsindən asılı olmayaraq, partiya öz nizamnaməsinə uyğun olaraq fəaliyyətini davam etdirəcək.
Ziyalıların və digər üzvlərin partiyadan istefa verməsi bir mərkəzdən idarə olunur. Həmin mərkəz həmin məsələsini gündəmdə saxlamaq üçün məhz bu cür planlaşdırılmış hərəkət edir”.
Sevinc YASİNQIZI