Demək, 1984-cü ildir, Azərbaycan radiosunun xarici verilişlər proqramında İran verilişləri baş redaksiyası ilə əməkdaşlıq edirəm. “Elm və həyat” adlı aylıq radio-jurnal hazırlayıram, hər verilişə görə də mənə ayda 60 manat qonorar yazılır. Bundan da vergi-filan çıxılandan sonra 56 manat 61 qəpik gəlib əlimə çatır. O vaxt 8-ci km yaşayış massivində, Rüstəm Rüstəmov küçəsi, bina 74, mənzil 27 ünvanda yaşayırdım.
Adətən hər ayın 12-də qonorarın qəbzi ev ünvanıma qələrdi və 118 nömrəli poçtdan pulumu alardım. Amma iyun ayının qəbzi gəlmədi. Bir neçə gün sonra “Bakı” qəzetinin qonorarı gəldi və fürsətdən istifadə edib radiodan alacağım qonorarın gəlməməsinin səbəbini poçt işçisindən öyrənmək istədim. Yoxlayıb dedilər ki, hələ bir şey yoxdur. Mən də çıxıb getdim işimin dalınca.
Növbəti ay qonorar vaxtında göndərildi. Pulu alanda keçən ayın qonorarı barədə yenə sual etdim, dedilər ki, qonorarı almısınız. Yerli-yataqlı izahatdan, mənəvi meyarlardan, dürüstlükdən və sairə və ilaxır xeyli faktların sübutundan sonra mənə inandılar ki, qonorarı alan şəxs mən olmamışam. Amma pulu kimsə həqiqətən alıbdır. Bəs, nə etməli?! Qərar bu oldu ki, radio-televiziya verilişləri komitəsinin mühasibatlığından soruşmaq lazımdır.
İlkin sorğuya mühasibatlığın bir dəqiqə də yerində sakit oturmayan çılğın qadın işçisi “bilmirəm, biz göndərmişik” deyə “daş atıb, başını tutdu”. Mühasibatlığa ikinci gəlişimdə isə hay-küyü yatmış həmin xanım bildirdi ki, pulunuz Xəbərlər proqram baş redaksiyası baş redaktorunun müavini Novruz Novruzovdadır, gedin alın. Həmin gün Novruz müəllim yerində olmadığından ertəsi gün ona telefon etdim:
-Allo, salaməleyküm, Novruz müəllimlə danışmaq istəyirəm.
Telefona cavab verən xanım bir dəqiqə deyib, dəstəyi Novruz müəllimə verdi.
-Salaməleyküm, kimdir danışan?
-Novruz Novruzov.
-Kim? Bah, ay qardaş, bir həftədir pulun burda seyfdədir, niyə gəlib aparmırsan?-adaşım gülə-gülə dedi.
Ertəsi gün gedib qonorarımı götürdüm və əhvalatın məğzini öyrəndim. Heç demə, 2 ay əvvəl qəbzi yazan şəxs mənim yaşadığım 27 saylı mənzilin nömrəsini göstərəndə 7 rəqəminin başını elə yazıb ki, 4-ə oxşayıb və poçtalyon da qəbzi bir mərtəbə aşağıda yerləşən 24-cü mənzilin poçtuna atıb. Həmin mənzildə tək yaşayan pensiyaçı Gülü xalanın familiyası, tərs kimi Novruzova imiş. Ünvanına gələn pul qəbzini sadəlövhcəsinə qarşılayan arvad fikirləşir ki, bu qəbz Lənkəranda yaşayan qardaşı Novruz Novruzovun adına gəlib və onun ünvanını bilmədiklərindən bacısına göndərilib.
Gülü eləmir tənbəllik, qəbzi göndərir Lənkərana. Lənkəranlı sürücü Novruz Novruzov bacısına inansa da, heç yandan pul baratı gözləmədiyindən qalır çaş-baş. Başbilənlər ona məsləhət görürlər ki, bir poçta baş çəksin, yəqin oradakılar qəbzin haradan gəldiyini bilərlər. Poçtda sürücüyə izah edirlər ki, qəbz radio və televiziya verilişləri komitəsindən gəlib. Sürücü Novruz fikirləşir ki, “mən hara, radio-televiziya hara”. Handan-hana o, xatırlayır ki, Novruz Novruzov adında uzaq bir qohumu televiziyada işləyir. Soraqlaşıb onun ünvanını tapır və qəbzi göndərir ona.
Qəbz gəlib televiziyanın Xəbərlər proqram baş redaksiyasında baş redaktorun müavini işləyən Novruz Novruzova çatanda isə təcrübəli jurnalist mühasibata xəbər verir və qəbzdəki ünvanla mühasibatlıqdakı ünvanı tutuşdurub baş verən səhvi görür. Adaşım bilir ki, əgər sahibi gəlmədiyi üçün qonorar poçtdan mühasibatlığa geri qayıtsa sonradan onun alınması bir neçə ay çəkəcək. Buna görə də jurnalist həmrəyliyi göstərərək, zəhmət olsa da, özü gedib qonorarı Novruz Novruzov adı ilə alır və pulu seyfə qoyub sahibini gözləyir.
“Antifaşist”
Universiteti bitirəndən sonra təyinatımı öz istəyimlə Laçın rayonunda çıxan “Laçın” qəzetinə götürdüm. 1980-ci il oktyabrın 13-dən müxbirliyə başladım.
Qəzetin məsul katibi Tofiq Əhmədov son dərəcə çılğın, amma eyni dərəcədə səmimi, qayğıkeş və... yaman da baməzə adam idi. Peşəkar jurnalistlər yaxud qəzet işçiləri yaxşı bilirlər ki, işdə tez-tez gərgin anlar yaşanır, ya hərf səhvi olur, ya kimsə sözlərin sətiraltı mənasında siyasi səhv axtarır, ya da yerlərində olanlarla olmayanlar arasında yersiz mübahisə...
Gərginlikdən sovuşmaq üçün Tofiq müəllimin özünəməxsus üsulu vardı. Belə situasiyalarda o, guya bərk əsəbiləşmiş halda tərəflərdən birinin üstünə hücum edərək ona “Bəsdir, qurtar! Antifaşistin biri antifaşist” – deyə qışqırardı. Qarşı tərəf isə gərginlik içərisində sözün mahiyyətinə varmadan etiraz edərdi: “Mən antifaşist-zad deyiləm!”.
Tofiq müəllim dərhal tövrünü dəyişib qorxu hissi ilə: “Bəs, onda sən faşistsən?”-soruşardı.
-Əşşi, nə faşist, kimdir faşist?- sözlərindən sonra qarşı tərəf deyilən sözlərin mahiyyətinə varar, gərginlik zarafat və gülüşlə sovuşardı.
Allah rəhmət eləsin Tofiq müəllimə!
“Əşşi, ya znayu də...”
Ötən əsrin 80-ci illərinin ortalarında Azərbaycan Radiosunun Xarici verilişlər şöbəsinin İran redaksiyasında aylıq “Elm və həyat” adlı radio-jurnalın süjetini hazırlayırdım.
Verilişdə çıxışçıların səsləri 2-3 cümlədən sonra xeyli azaldılır və çıxışın mətni fars dilində səsləndirilirdi. O vaxtlar səsyazma cihazları indiki qədər mükəmməl deyildi. Əsas məsələ lazım olan 2-3 cümləni təmiz yazmaq olsa da? buna bəzən çətinliklə nail olunurdu. Verilişin başqa bir tələbi titullu elm adamlarından müsahibə götürmək idi. Sovet dövründə bir sıra sanballı alimlərimiz rusca təhsil aldığından tez-tez problemlərlə qarşılaşırdıq.
Növbəti verilişi Azərbaycan Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna həsr etmişdim. Direktor Vahab Əliyevin çıxışını lentə almaq üçün onunla görüşdüm. Hazırladığım mətnin ilk cümləsindəki “tədqiqat” sözünü Vahab müəllim heç cür tələffüz edə bilmədi.
İzah etdim ki, sözü heca ilə 3 dəfəyə təd-qi-qat kimi də tələffüz etmək olar, sonra montajda birləşdirərik. Amma alınmadı ki, alınmadı. Bundan hirslənən akademik “əşşi, ya znayu də, eta “issledovaniye” dedi və köməkçisini çağırdı ki, onun əvəzinə mətni oxusun. Mən də, köməkçi də etiraz etdik ki, Vahab müəllim, belə olmaz. “Cavan oğlan, bunlar xırda məsələlərdir, nə mənası var, sən deməsən kimsə bilməyəcək” – deyib, razılaşmadı, köməkçisini məcbur etdi və ona bir şampan şərabı boyun olub mətni oxutdurdu.
Alı Mustafayev nə üçün müsahibəni jurnalistdən aldı?!
1987-ci il idi. “Azərelektromaş” Elm-İstehsalat Birliyinin çoxtirajlı qəzetinin redaktoru işləyirdim. Redaksiya birliyin “Ulduz” metrostansiyasının yaxınlığında olan baş ofisdə yerləşirdi. Birliyin müəssisələrindən yazı yazan, yaxud süjet hazırlayan bütün jurnalistlər redaksiyaya gəlir, bizim köməyimizlə işlərini görürdülər. Söz vaxtına çəkər, elə ilin yay vaxtı idi. Bir gün televbiziyanın xəbərlər proqramının müxbiri Alı Mustafayev müəssisəyə gəldi. O özü də birliyin baş müəssisəsi olan Bakı elektrik maşınqayırma zavodunda fəhlə işləyib oradan universitetin jurnalistika fakültəsinə oxumağa göndərilmişdi.
Alı vaxtının az olduğunu bildirərək ona kömək etməyimi xahiş etdi. Dərhal sexlərdən birinə zəng edib bir nəfər tanınmış fəhləni redaksiyaya dəvət etdim. Amma nahar fasiləsi olduğundan 20-25 dəqiqə gözləməli idik. Alı bildirdi ki, 25 dəqiqəyə o gələcək, 25 dəqiqə də onun hazırlanmasına vaxt gedəcək. Sözünə bir neçə saniyə ara verib, dedi: “Bəlkə elə özün danışasan?! Hazırlığa da ehtiyac olmaz, mənim də işim düzələr”.
Təzəlikcə birliyin “Şöhrət” muzeyi yaradılmışdı. Həmin muzeydə həmkarımız görülən işlər barədə məndən müsahibə aldı. Qəzetimizin fotoqrafı isə fotoaparatını işə salmaqla həmin anı şəkildə tarixiləşdirdi. Bir neçə il sonra Qarabağda rus-erməni quldurları tərəfindən vurulan vertolyotda həlak olan Alı Mustafayevin xatirəsini həmişə hörmətlə yada salıram.
Allah rəhmət eləsin Alıya, yaxşı insan, yaxşı jurnalist idi.
Novruz Novruzov
jurnalist