Modern.az

Azərbaycan Türkiyədəki parlament seçkilərində hansı partiyanı qalib görmək istəyir - RƏYLƏR

Azərbaycan Türkiyədəki parlament seçkilərində hansı partiyanı qalib görmək istəyir - RƏYLƏR

Aktual

4 İyun 2015, 15:56

 

İyunun 7-də Türkiyədə parlament seçkiləri keçiriləcək. Türkiyə vətəndaşları ölkəsinin inkişafına səbəb olacaq partiyanı bazar günü verəcəkləri səslə müəyyənləşdirəcəklər. Bəs, Azərbaycanda bu parlament seçkiləri ilə bağlı proqnozlar nədir? Modern.az politoloq, deputat, yazıçı, jurnalist və iqtisadçının bu haqda fikirlərini öyrənməyə çalışıb.  

Politoloq Qabil Hüseynli parlament seçkilərində ya Milliyyətçi Hərəkat Partiyası (MHP), ya da Cümhuriyyət Xalq Partiyasının (CHP) qələbə qazanmasını arzu edir. “Ədalət və İnkişaf Partiyasının (AKP) dövründə Türkiyənin iqtisadi inkişafı sürətlənib. Əhalinin maddi rifahı yüksəkdir. Amma Ərdoğanın xarici siyasət xətti ciddi uğursuzluqlarla müşahidə edilib. Türkiyə hətta NATO-dakı müttəfiqləri tərəfindən təcrid olunub. Ölkədə dini baxışlar, dini məzhəblər, müxtəlif təriqətlər sürətlə yayılıb, milli azlıqların, xüsusilə kürdlərin milliyətçilik hərəkətləri qarşıalınmaz prosesə çevrilib. Türkiyə iqtisadi cəhətdən irəliləyişlər əldə etsə də, ictimai-siyasi sahədə ciddi problemlərlə baş-başadır. İstərdim ki, səsvermədə CHP və MHP qələbə qazınsın və bunlar koalisiya təşkil edib iqtidarı ələ alsın. Yəni milli qüvvələrin hakimiyyətə gəlməsi vaxtıdır”.

Deputat Məlahət İbrahimqızı isə seçkilərdə kimin uğur əldə etməsindən asılı olmayaraq, nəticədə Türkiyə xalqının qazanmasını istəyir: “Sözsüz ki, necə illərdir Yeni Azərbaycan Partiyası Ədalət və İnkişaf Partiyası (AKP) hakimiyyətə gələn gündən onlarla əməkdaşlıq edir və aparılan təcrübələr, sorğular, tədqiqatlar, seçkiqabağı proseslər göstərir ki, bu seçkidə də AKP-nin qələbəsi şəksizdir. Hesab edirəm ki, bazar günü keçirilən seçkilərdə biz AKP-nin qələbəsini müşahidə edəcəyik”.  

Yazıçı-publisist Əkbər Qoşalı bildirib ki, səsvermədə Türkiyə vətəndaşları hansı partiyanı seçib birinci edəcəklərsə, biz də onlara tərəfdar olmalıyıq: “Səs verən Türkiyə vətəndaşlarıdır. Onlar Türkiyənin milli maraqlarına uyğun ən layiq olana səs verib ön plana çıxaracaqlar. İnşallah, onların seçdikləri partiya da türk dünyası üçün xeyirli olar. Ümumiyyətlə, Azərbaycan və türk dünyasına münasibətdə Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkət Partiyası (MHP) seçilir, tanınmış simaları çıxışlar edir. Bu partiyaların qazanacağına ümid edirəm. Amma yenə də Türkiyə vətəndaşları öz seçimlərini edəcəklər”.  

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Ədalət və İnkişaf Partiyasını (AKP) dəstəklədiyini bildirib: “Rəcəb Tayyib Ərdoğan baş nazir olan vaxtlarda AKP-ni dəstəkləmişəm. Onun xarizması, natiqliyi yüksəkdir. Xeyli işlər görüb. Onun dövründə seçkilər də maraqlı keçirdi. Ərdoğan baş nazir deyil və bu müəyyən dərəcədə təsir edir. Son bir ildə də ölkədə baş verən hadisələr, məncə AKP-nin nüfuzuna təsir edir. Ümid edirəm ki, bu seçkilərdə də AKP lazımi səsi toplayacaq”.  

İqtisadçı ekspert Vüqar Bayramov Türkiyədəki seçkiləri yaxından izləmədiyini vurğulayıb: “Seçkilərlə bağlı o qədər də məlumatlı olmadığım üçün şəxsi seçimim yoxdur. Amma türk xalqının seçiminə hörmət edirəm. İnanıram ki, qardaş ölkədə insanlar doğru seçim edərək Türkiyəyə daha çox töhvə verəcək partiyaya səs verəcəklər. Türkiyədə əhalinin əksəriyyətinin dəstəyini qazanan partiya türk qardaş və bacılarımızın seçimi olduğu üçün, eyni zamanda mən də öz seçimim kimi dəyərləndirirəm”.

Aytən ƏLİYEVA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi