“Azərbaycan dünyada ən uğurlu idman ölkəsi olacaq”. Bunu Modern.az-a əməkdar artist, I Avropa Oyunları ərzində su idman növləri üzrə ulduz səfir Murad Dadaşov deyib.
O bildirib ki, oyunların səs-küyü, xoşməramlı avazı hələ çox səslənəcək:
“Vaxt yaxınlaşdıqca bu oyunların nə qədər böyük əhəmiyyət kəsb etdiyini daha geniş dərk edirəm. Başa düşürəm ki, həqiqətən də Azərbaycan idman strategiyası deyilən bir anlayış var. Bu, bizə sonradan uğur gətirən neft strategiyamız kimidir.
Dövlət başçısı İlham Əliyevin Olimpiya Komitəsinin prezidenti vəzifəsində çalışdığı o dövrdən bu günə kimi inkişaf var. Biz o vaxt idman və idmançılar haqda deyilən fikirləri yalnız qayğı kimi başa düşürdük.
Avropa Oyunları üçün yeni tikilən stadionlara ilk dəfə daxil olanda başa düşdüm ki, Azərbaycan dünyada ən uğurlu idman ölkəsi olacaq. Mən buna əminəm. Bu çox bir böyük bir hadisədir. Onun miqyası, səs-küyü və avazı çox səslənəcək”.
Murad Dadaşov su idman növlərinin ona yaxın olduğunu deyib:
“Su idman növləri həm də xalqımıza yaxındır. Çünki Azərbaycanın şərq hissəsi su ilə bağlıdır. Ona görə də su bizə əzizdir.
İdmanda hər şeyin əsası su idman növlərindən başlayır. Hansı idman növü ilə məşğul olmağına baxmayaraq, həmişə su ilə ünsiyyətdə olmaq lazımdır. Dünyanın da ən baxımlı idman növlərindən biri suya tullanma, üzgüçülük, sinxron üzgüçülük və vaterpoldur. Bu idman növü üçün Azərbaycanda misli görünməyən ən müasir tipli Bakı Su İdman Mərkəzi tikilib. Mən də bir necə dəfə həmin mərkəzdə olmuşam. Səbirsizliklə gözləyirəm ki, oyunlar bitdikdən sonra ora məşqlərə gedim.
Bu sahədə elə bir idman növü yoxdur ki, baxılmasın və sevilməsin. Mənim üçün hansı idman növünün olmağı fərq etməzdi. Ən əsası odur ki, böyük, möhtəşəm hadisə mənim doğma vətənimdə keçiriləcək. Azərbaycan və vətəndaşlar bu sahədə ev sahibliyi edəcək.
Oyunlar ərzində ən xırda iş belə həvalə olunsaydı, bu mənim üçün böyük fəxr idi. Bir vətəndaş olaraq buna sevinməliyəm”.
İyunun 12-dək 28-dək Bakıda I Avropa Oyunları keçiriləcək. Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışacaq.
Sevinc YASİNQIZI