Müsəlman ölkələrinin əksəriyyətində stabillik yoxdur. Azərbaycan bu baxımdan dünyaya nümunə ola bilər. Məhz belə sabitlik şəraitində Azərbaycanda I Avropa Oyunları keçiriləcək. Bu idman oyunları Azərbaycanın beynəlxalq arenada gələcək siyasi qazancına və siyasi çəkisinə nə vəd edir? Modern.az saytının sualını politoloq Rüstəm Məmmədov cavablandırıb.
O bildirib ki, ilk növbədə Avropa Oyunları zamanı Azərbaycandan 18 gün boyunca, gecə-gündüz bütün xarici media qurumlarında məlumatlar yayılacaq: “Bundan real təbliğat yoxdur. Bu idman oyunları Azərbaycanın təbliği üçün geniş məna daşıyır. İkincisi, müsəlman dövlətlərinin hamısını qaralayıblar. Guya ki, onlar terrorçudur, insan haqları pozulur. Belə bir vəziyyətdə Azərbaycan mədəni bir proses həyata keçirir.
Oyunların Bakıda keçirilməsini fikirləşənlər, bu qərarı verənlər çox ağıllı və uzaqgörən adamlardır. Onlar başa düşürlər ki, Azərbaycanı dünyaya daha geniş təqdim etmək üçün bundan gözəl vasitə ola bilməz. Bütün dünyanın ürəyi Bakı ilə döyünəcək. Dünyanın aparıcı kanalları mütəmadi olaraq Bakı haqqında, eləcə də keçirilən oyunlar barədə məlumatlar verəcəklər. Hesab edirəm ki, bu oyunları fikirləşən dövlətimizin rəhbərliyi Azərbaycanı həqiqətən də sevirlər. Müsəlman dövlətlərinin əksəriyyəti özləri özlərini pis vəziyyətə qoyublar. Onlar insan haqlarını qəbul etmirlər, pozurlar. Bu isə öz növbəsində qanlı proseslərə gətirib çıxarır. Amma oyunlar əsnasında bəzi sivil dövlətlər Azərbaycanı o səpkidə yox, mədəni səpkidə görəcəklər. Onlar Azərbaycanı əmin-amanlıqdan xəbər verən, insanları xoşbəxt olan bir ölkə kimi görəcəklər. Azərbaycanı real həyatda dərk etmək lazımdır. Ölkəmiz dünya səpkisində çox gözəl təqdim olunur. Gələnlər Azərbaycandan çox şey götürəcək”.
“I Avropa Oyunları Qarabağ məsələsinin həllində nə kimi təsir göstərə bilər” sualına isə politoloq belə cavab verib: “Qarabağ probleminin həlli sırf Rusiyadan asılıdır. Ukrayna hadisələrindən sonra bəlli oldu ki, bu proses Rusiyaya bağlıdır. Rusiya razılaşa bilmir ki, öz tabeliyində olan ölkə müstəqillik qazanıb və özünü dünyaya təqdim edir. Rusiya üçün bu qəbuledilməzdir. Buna görə də biz bu gün Rusiya ilə əməkdaşlığı yeni səpkidə qurmağı bacarmalıyıq. Belə desək, Rusiyanın saqqızını oğurlamağı bacarmalıyıq. Bundan sonra Qarabağ məsələsi mexaniki sürətdə tənzimlənəcək”.
Yeganə OQTAYQIZI