İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri Arif Məmmədovun sosial mediada yazdığı statusla bağlı qalmaqal böyüyür. Hətta onun geri çağırılması məsələsi də gündəmdədir. Maraqlıdır, diplomatik xidmətdə olan şəxsin bu cür çıxışları hüquqi baxımdan necə dəyərləndirilə bilər? İndiki situasiyada ona qarşı hansı cəza tədbirləri tətbiq edilə bilər?
Modern.az saytının bu suallarını hüquqşünas Əliməmməd Nuriyev cavablandırıb:
“Diplomatik xidmət dövlət qulluğunun xüsusi bir növüdür. Dövlət qulluqçularının etik davranış qaydalarına görə, dövlət qulluqçusu hər şeydən əvvəl loyal münasibətdə olmalıdır. Eyni zamanda, hər hansı məsələ ilə bağlı münasibət bildirərkən rəhbərliklə razılaşdırmalıdır, özü sərbəst münasibət bildirməməlidir. Münasibət bildirərkən də nəzakət qaydalarına riayət etməlidir. Səfir məsələyə münasibət açıqlaya bilərdi, amma hər şeydən əvvəl ifadə formasını düzgün seçməli idi.
Bu baxımdan, Arif Məmmədovun çıxışında etik qaydaların pozulmasını göstərən bir neçə şərtlər öz əksini tapıb. Onun qısa müddətdə Azərbaycanda yaşaması zamanı əzab keçirməsi ilə, ayrı-ayrı ictimai xadimlər, deputatlar, yaxud prezidentin sərəncamı ilə vəzifəyə təyin olunan şəxslər barədə söylədiyi fikirlər etikadan uzaqdır və təqdir oluna bilməz. O bu çıxışla diplomata xas olan yanaşmanı nümayiş etdirmədi. Ümumiyyətlə, diplomat sosial mediada dövlətinin müdafiəsi mövqeyindən çıxış etməli, öz ölkəsini təqdim etmək baxımından fikirlər söyləməlidir, nəinki daxili vəziyyətlə bağlı xoşagəlməz münasibət bildirmək, kimlərisə ittiham etmək. Bu dövlət qulluqçusuna, eyni zamanda diplomata yaraşan hal deyil”.
Əliməmməd Nuriyev səfirin peşəkarlığına hər hansı qiymət verməyib: “Mən onun peşəkarlığı ilə bağlı fikir söyləmək istəmirəm. Xarici İşlər Nazirliyi qiymət verməlidir ki, o xaricdə olduğu müddətdə nələr edib, nəyə nail olub. Şübhəsiz ki, Xarici İşlər Nazirliyi araşdırma aparacaq. Diplomata o vəzifə ona görə verilib ki, öz fikirlərini, dövlətin, cəmiyyətin maraq və mənafelərini müdafiə etsin. Diplomat fikrini düzgün ifadə etməyi bacarmalıdır. Fikrimcə, Arif Məmmədovla bağlı yaranmış vəziyyət, ən yumşaq halda xoşagəlməzdir. Şəxsiyyətinə toxunmaq fikrim yoxdur, amma onun bu addımı heç bir etikaya sığımır və heç bir ölçüyə gəlmir.
Sonradan o bildirib ki, guya kimsə onun profilindən bunları yazıb. Araşdırmalar aparılacaq. Müəyyən olunacaq ki, doğurdanmı onun profilinə qeyri-qanuni giriş olub. Tədqiqat nəticəsindən asılı olaraq onun barəsində ölçü götürüləcəyinə inanıram.
Düşünürəm ki, baş verən xoşagəlməz vəziyyətlə əlaqədar Xarici İşlər Nazirliyi diplomatların sosial mediada çıxışı üçün qaydalar, təlimatlar müəyyənləşdirməlidir”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev isə deyib ki, Arif Məmmədovun səsləndirdiyi fikirlər onun üçün gözlənilməz olub:
“Arif Məmmədov doğrudan da bilikli insandır. Onun diplomat peşəsindən kənar, Azərbaycan dövlətinə bu cür yanaşmasına çox mənfi münasibət bəsləyirəm. Onun Azərbaycanla bağlı bu cür düşüncələri ola biləcəyini heç gözləmirdim. Düşünürəm ki, potensialını öz peşəsinə uyğun sərf etməli idi. Diplomatın bu addımı, sadəcə, təəssüf doğurur”.
Komitə üzvü deputat Siyavuş Novruzovun diplomat barədə səsləndirdiyi fikirlərə dəstək verib: “Siyavuş Novruzov çox dəyərli insandır. Gözəl dost, mövqeyi birmənalı olan siyasətçidir. Hər zaman da Azərbaycanın mənafeyini müdafiə edir. Mən xaricdə yaşayan həmvətənlərimizin bu cür düşüncə sahibi olmalarından çox narazı və narahatam”.
Rövşən Rzayev bildirib ki, ölkəmizə qarşı qarayaxma kampaniyalarının artdığı bir məqamda Azərbaycan dövlətinin səfirliklərdə çalışan əməkdaşları daim vətənin mənafeyini qorumalı və mübarizə aparmalıdırlar: “Bunu edə bilmirlərsə, başqa qüvvələrin təsiri altına düşürlərsə, ciddi ölçü götürülməlidir. Ola bilər ki, Arif Məmmədov da xarici qüvvələrin təsiri altına düşüb. İndiki məqamda hər şey gözləniləndir. Ona görə də bəzi insanlar dözə bilmir.
Hər halda, bu, baş verməməli idi. Bundan sonra da Azərbaycanı xaricdə təmsil edən həmvətənlərimizə öz peşələrinə daha ciddi yanaşmağı, vətənpərvər olmağı tövsiyə edirəm. Azərbaycan naminə, xalqımızın gələcəyi naminə hər bir vətəndaşın borcudur ki, müstəqilliyimizin qorunub saxlanmasında öz fəaliyyətini əsirgəməsin. Arif Məmmədov kimi insanların mövqeyi, sadəcə, təəssüf doğurur”.
Gülşən RAUFQIZI