Uşaq bağçalarının Bakı şəhər İcra Hakimiyyətinin balansından çıxarılaraq Təhsil Nazirliyinin balansına verilməsi uzun illərdir müzakirə olunur. Mütəxəssislər uşaq bağçaları və körpələr evindən kifayət qədər şikayətlərin olduğu bir məqamda bu addımın atılmasının labüdlüyünü iddia edirlər.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva Modern.az saytına bağçaların Təhsil Nazirliyinin balansına verilməsi məsələsinə münasibət bildirərkən də bu qənaətdə olub: ““Təhsil haqqında” qanunda göstərilib ki, uşaqlar məktəbə bağçadan gəlməlidir. Bu zəmində bağçaların Təhsil Nazirliyinə verilməsi məqsədəuyğundur. Uşaqlarımız məktəbə hazırlıq dövrünə bağçadan başlayırsa, yaxşı olardı ki, idarəetmə yenidən nazirliyə qaytarılsın. Düşünürəm ki, bilavasitə Təhsil Nazirliyinin nəzarəti altında bağçaların inkişafına nail olmaq olar. Mən bu məsələnin lehinəyəm”.
Milli Məclisin Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin fikrincə, hansı qurumun tərkibində olmasından asılı olmayaraq, bağçalarda təlim-tərbiyə işlərinin daha da yüksəldilməsinə nail olmaq lazımdır: “Əlbəttə, yaxşı olardı ki, bağçalar nazirliyin tərkibində olsun. Amma bu əsas deyil. Əsas olan keyfiyyətin yüksəldilməsidir”.
Gülşən RAUFQIZI