Modern.az

Təhsil Nazirliyi ilk buraxılış imtahanlarının nəticələrini şərh etdi

Təhsil Nazirliyi ilk buraxılış imtahanlarının nəticələrini şərh etdi

5 İyun 2015, 16:40


Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Bakı şəhəri üzrə iyunun 2-də keçirdiyi buraxılış imtahanlarının nəticələrinə münasibətini bildirib.

“Təhsil Nazirliyi buraxılış imtahanlarının nəticələrin  şərhi üçün prosesin tam olaraq yekunlaşmasını gözləməyi düzgün hesab edir”. Təhsil Nazirliyindən Modern.az-a verilən məlumatda belə deyilib. Nazirliyə görə, mediada təqdim olunmuş məlumatlar sistemli olmadığından və daha çox populist  xarakter daşıdığından bu məlumat əsasında məsələyə münasibət bildirmək doğru deyil.

Professor Şahlar Əsgərov Modern.az-a açıqlamasında TQDK-nın buraxılış imtahanlarının nəticələrini şərh edib:

“IX sinif üzrə ana dili fənindən 86,5 faiz, riyaziyyatdan isə 86 faizə yaxın şagird müvəffəq qiymət alıb, XI sinif üzrə  ana dili fənindən 91,2 faiz, riyaziyyat fənindən 92,5 faiz , ingilis dili fənindən 93,5 faiz məzun müvəffəq  qiymət alıb.

Buraxılış imtahanlarının   nəticələrinin  neqativ fonda  göstərilməsi  doğru deyil və reallığı əks etdirmir. Birincisi, həmin nəticələrdə göstərilən “2” və “3” qiymətlərinin faiz göstəricilərinin birlikdə götürülməsinin heç bir elmi əsası yoxdur. “3” alan şagirdlər “kafi”  bilik səviyyəsinə malikdirlər və bu məzunların uğursuz olmalarını iddia etmək doğru deyil. İkincisi, dünyanın bir çox təhsil sistemlərində də sagirdlərin 10-30 faizi orta təhsil səviyyəsini bitirə bilmir.

Sevindirici haldır ki, mən statistika ilə tanış olduqda gördüm ki, Bakı şəhərində  tam orta təhsil səviyyəsini ana dili  fənni üzrə  hər 5 şagirddən biri, riyaziyyat fənnindən hər 4 şagirddən biri, ingilis dili fənni üzrə hər 3 şagirddən biri “əla” qiymətlərlə bitirib. Sadəcə olaraq, faktı və rəqəmi necə çatdırmaqdan çox şey asılıdır və  uzun illər ərzində mediada imtahan nəticələrinin neqativ fonda  tirajlanması siyasəti məzunların müsbət göstəricilərinə kölgə salır”.

Ş.Əsgərov bildirib ki, təhsilin keyfiyyəti haqqında ictimaiyyəti tam və düzgün məlumatlandırmaq üçün TQDK  tərəfindən keçirilən imtahanların sualları, şagirdlərin bu suallara verdiyi cavablarla bağlı statistika, nəticələrə təsir edən müxtəlif amillər haqqında məlumat təqdim edilimir. Onun sözlərinə görə, bu halda təhsilin keyfiyyəti haqqında ictimaiyyətdə elmi əsası olmayan pessimist təəssürat formalaşır.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular