Bu gün su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramını qeyd edir. Prezident İlham Əliyevin 14 may 2014-cü ildə imzaladığı Sərəncamla iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi təsis edilib. Bu münasibətlə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin kollektivləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edən su təsərrüfatı işçiləri daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər.
Modern.az xəbər verir ki, “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibəti ilə Bakı Biznes Mərkəzində “Meliorasiya və su təsərrüfatının inkişafında Heydər Əliyev ideyalarının rolu” mövzusunda Elmi-Praktiki Konfrans keçirilib. Əvvəlcə tədbir iştirakçıları su təsərrüfatı və meliorasiya sektorunda görülmüş işlərə həsr olunmuş stendlərlə tanış olmuş, daha sonra bu sahədə nailiyyətlərdən bəhs edən filmlər nümayiş etdirilib.Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov su təsərrüfatı və meliorasiya sistemində səmərəli fəaliyyəti nəzərə alınaraq bir qrup əməkdaşın təltif edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncamlarla təltif edildiyini bildirmiş, təbriklərini çatdırıb. A.Əmiraslanov son illər su təsərrüfatı və meliorasiya sahəsində irimiqyaslı layihələrin həyata keçirildiyini xatırladaraq bu sahədə görülmüş işlərinin qeyri-neft sektorunun inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
“Meliorasiya və su təsərrüfatının inkişafında Heydər Əliyev ideyalarının rolu” mövzusunda konfrans məruzələrlə işini davam etdirib. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Məmməd Sadıq Quliyev “Meliorasiya və su təsərrüfatının dayanıqlı inkişafı Heydər Əliyev kursunun uğurlu davamının nəticəsidir”, “Azərsu” ASC “Sukanal” Elmi Tədqiqat Layihə İnstitutunun direktoru Yaşar Kəlbiyev “Su təchizatı layihələrinin icrasında beynəlxalq əməkdaşlıq”, Meliorasiya və Su Təsərrüfatı ASC-nin şöbə müdiri Əjdər Cavadov “2015-ci “Kənd təsərrüfatı ili”ndə meliorasiya və su təsərrüfatı sahəsində qarşıda duran işlər uğurla davam etdirilir”, “Azərsu” ASC-nin departament rəisi Bahadır Kəngərli “Azərbaycan Respublikası regionlarının su təchizatında yeni mərhələ”, Elmi Tədqiqat Su Problemləri İnstitutunun direktoru Elçin Qənbərov “Azərbaycanın su ehtiyatları və onların səmərəli istifadəsinin elmi əsasları” mövzularında məruzə ediblər.
Konfransın yekununda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə meliorasiya və su təsərrüfatının inkişafında ulu öndərimiz Heydər Əliyevin böyük tarixi xidmətləri olduğunu vurğulayıb: “Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə bu sahədə quruculuq işləri geniş vüsət almış, iri su anbarları, hidroqovşaqlar tikilib istifadəyə verilib.
1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu sahənin inkişafında yeni mərhələ başlanıb. Ulu öndərin meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi diqqət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, hazırda respublikada geniş suvarma sistemlərinə, kollektor-drenaj şəbəkələrinə malik meliorasiya və su təsərrüfatı kompleksi fəaliyyət göstərir”.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çıxış edərək bildirib ki, su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramının təsis edilməsi ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət və göstərdiyi diqqətin bariz nümunəsidir.
“Azərsu” ASC-nin sədri Azərbaycanın su təsərrüfatı sektorunun böyük tarixi yol keçdiyini xatırladaraq bu sahədə çoxminli işçi ordusunun formalaşdığını diqqətə çatdırıb: “İstehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin əsas hissəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin rəhbərliyi ilə Kür və Ceyranbatan su mənbələrindən istifadə sahəsində görülmüş işlər bu gün Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatında müstəsna rol oynayır. Su təsərrüfatı sektorunun iri layihələrindən olan Oğuz-Qəbələ-Bakı magistral su kəməri ulu öndər Heydər Əliyevin ideyası əsasında möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə tikilib istismara verilib.
Təməli dövlət başçısı tərəfindən qoyulmuş Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusu yaxın vaxtlarda istismara verilməsi ilə Bakı şəhəri və ətraf qəsəbələrin içməli su təchizatı daha da yaxşılaşacaqdır. Hazırda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, hazırda şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələri uğurla davam etdirilir”.
Tədbirin sonunda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib. Qeyd edək ki, Prezident İlham Əliyevin 4 iyun 2015-ci il tarixli sərəncamları ilə su təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə “Azərsu” ASC-nin 14 əməkdaşı fəxri adlar və medallarla təltif olunublar. Təltif olunanlardan 2 nəfəri “Əməkdar mühəndis” adına layiq görülmüş, 12 nəfəri isə “Tərəqqi” medalı ilə mükafatlandırılıb.
Su təsərrüfatının inkişafında xüsusi xidmətlər göstərmiş və əmək fəaliyyətində fərqlənən 100 əməkdaş “Azərsu” ASC sədrinin əmri ilə Fəxri fərmana layiq görülüb.