Modern.az

Ad və soyadım çoxlarını təəccübləndirib - Bu nə ad-familiyadır?

Ad və soyadım çoxlarını təəccübləndirib - Bu nə ad-familiyadır?

Media

8 İyun 2015, 11:41

telejurnalist

Təvazökarlıqdan uzaq olsa da bir az da özüm haqqımda

Məni tanıyan oxucular uzun illər mətbuat səhifələrində, radio və televiziya verilişlərində, indi isə Modern.az saytında imzamı “Mülatif Adurov” kimi eşidib görüblər. Həm adım həm də soyadım çoxlarını təəccübləndirib. Bu nə ad-familiyadır?, - deyə dostlarımdan, qohumlarımdan, hətta mənim özümdən də soruşublar. Cavabım həmişə belə olub: “atam-anam qoyduğu ada, soyadına qarışa bilmərəm”.

Soyadım bir tərəfə, adım da çoxhecalı ad olub (yeganə, necə deyərlər, üzümü ağardan atamın adı olub – Hacı).  Orta məktəbdə, hətta universitetdə oxuyanda müəllimlər jurnalda adımı çox çətinliklə oxuyurdular: Mirlətif, Mütalib, Mülayim, Müxalif kimi səsləndirirdilər adımı.

Mülatif - fars-ərəb mənşəli sözdür. Mənası iki cürdür: mehriban və zarafatcıl. Bu xarakterlərin hansının mənə uyğun olduğunu bilmirəm. Hər halda faktiki olaraq adımın mənası belədir.

Əsla inana bilmirdim ki, ikinci analoji “Mülatif” adlı adama rast gələ bilərəm.

Bir gün jurnalist dostlarımdan biri – imzası yaxşı tanınan, istedadlı qələm sahibi, təvazökar, nüfuzlu və xeyirxah insan, öz yaxın dost-tanışlarını səxavətlə bizə təqdim edən telejurnalist Sakit Ocaqlı mənə dedi ki səni bir adamla tanış edəcəyəm. Bilirdim ki, Sakit Ocaqlı yaxşı dost-tanışlarını, hələ qohumlarını demirəm, əsirgəmədən bizimlə görüşdürərdi. Bu dəfə də belə oldu. Otağımda “Xəbərlər”də gündəlik efirə gedəcək materialları oxuyurdum. Qapı açıldı, Sakit Ocaqlı və cavan bir oğlan içəri girdilər.

- Mülatif müəllim, tanış olun, xalam oğludur.

Əl uzatdım. Adımı dedim: - Mülatif.

Cavan oğlan da:

- Mülatif, - dedi.

- Mülatif mənim adımdır.

- Mənim də adım Mülatifdir.

Son dərəcə qəribə və təəccüblü tanışlıq idi. Bu adın haradan götürüldüyünü tanış olduğum Mülatif deyə bilmədi. O, 1966-cı il təvəllüdlüdür. O zamanlar mənim imzam məşhur idi. Çox güman ki, bu ad mətbuatdan götürülmüşdü ...

O ki qaldı soyadıma, onu da Modern.az-da vaxtilə açıqlamışdım Bir az da geniş izaha ehtiyac duyuram.

Atam Adurov Hacı (əsl adı Hacı Səfi Qara olub) 1918-ci ildə türk ordusunun sıralarında erməni daşnaklarının Qərbi Azərbaycanda kompakt yaşayan azərbaycanlı rayonlarına, habelə Bakı, Quba və başqa bölgələrə hücumlarının qarşısını almağa gəlmişdi. Xilaskar ordu öz missiyasını yerinə yetirdikdən sonra o Vedibasarda qalmış, anamla evlənmişdir. Onun SSRİ vətəndaşlığını qəbul edərkən “Adur” sözünə irad tutmuş və mütləq “ov”, “yev” şəkilçisi ilə yazılmasını təkid etmişlər. Beləliklə, “Adur” “Adurov” olmuşdu.

Səlcuklar dövründə adur türk tayfası mövcud olub. Tarixi sənədlərdə göstərilir ki, adur icması türk imperiyasının dünya ərazisində zəbt etdiyi yerlərdə iz qoymuşdur. Uralda Adur adlı yerlər çoxdur, Fransada Adur çayı mövcuddur, Sibirin, Qafqazın çox yerlərində Adur məscidləri, bu adda tarixi hamam abidələri qalıb.

Hətta Quba rayonunda xeyli sakinin məskunlaşdığı Adur kəndi barədə çoxları bu gün də iftixarla danışır. Bütün bunları nəzərə alaraq mən də soyadıma dəyişiklik etmək fikrindəyəm. Atamın ruhuna hörmət əlaməti olaraq, türk xalqına məhəbbətimin təzahürü kimi “Adur” sözünü özüm üçün soyadı götürməyi nəzərdə tutmuşam. Digər tərəfdən isə düşünürəm ki, yaşımın bu çağında yenilik etmək əhəmiyyətsiz addım ola bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi