Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Bakıdakı əlaqələndirici ofisinin bağlanması barədə nota verib.
Bu addım, Azərbaycanın beynəlxalq arenadakı imicinə hər hansı mənfi təsir göstərə bilərmi?
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini Azay Quliyev mövzu ilə bağlı Modern.az saytına açıqlama verib.
O bildirib ki, ATƏT-in heç də bütün üzv ölkələrdə ofisləri yoxdur. Deputatın sözlərinə görə ATƏT-lə əməkdaşlıq etməkdən ötrü ölkədə ofis saxlamaq şərt deyil. Azay Quliyev Azərbaycanın həmişə ATƏT-lə səmimi əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb:
“Təsadüfi deyil ki, Azərbaycan bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT-ə etibar edib. Bundan başqa Azərbaycan müstəqil və suveren dövlətdir və bütün qərarlar milli maraqlar çərçivəsində qəbul edilir.
Azərbaycan həm də beynəlxalq təşkilatların onunla bağlı davranışını adekvat dəyərləndirir.Əgər hər hansı bir qurum öz nümayəndəliyini açan zaman götürdüyü öhdəliklərə əməl etmirsə, mövcud beynəlxalq sazişlər çərçivəsində fəaliyyət göstərmirsə, Azərbaycanın suverenliyinə və milli maraqlarına uyğun olmayan təlimatlar verirsə, onda hüququmuz var ki, bu təşkilatla əməkdaşlıq məsələlərinə baxaq”.
Milli Məclis üzvü hesab edir ki, ATƏT-in Bakıdakı əlaqələndirici ofisinin bağlanması heç bir halda Azərbaycana qarşı təzyiq, qarayaxma, ittiham mexanizmi kimi istifadə oluna bilməz.
“ATƏT öz səfirini subyektiv amillərə görə geri çağırırsa və onun müddətini uzatmırsa, bu, əlbəttə ki, bizə xoş təsir bağışlamır. Belə olan təqdirdə, bizə mesaj gəldi ki, ATƏT Azərbaycanla səmimi əməkdaşlığa maraq göstərmir. Buna görə də ATƏT-in Bakıdakı əlaqələndirici ofisinin bağlanması məsələsi gündəmə gəldi”.
Aqşin Kərimov