Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrinə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP) və Xalqların Demokratik Partiyası (HDP) Böyük Millət Məclisinə 3 erməni millət vəkili göndərib. AKP-də Markar Eseyan, CHP-nin deputatlığa namizədlər siyahısında 1-ci sırada olan erməni əsilli Selina Doğan millət vəkili seçiliblər. HDP-dən isə milliyyətcə erməni olan namizəd Garo Paylan mandat qazana bilib.
Beləliklə, Türkiyə Böyük Millət Məclisinə 54 il sonra ilk dəfə erməni millət vəkilləri seçiliblər.
İstər-istəməz belə sual ortaya çıxır: “Nəyə görə azərbaycanlı həmyerlilərimiz Türkiyə parlamentində təmsil olunmur?” Modern.az saytı məsələyə Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafanın fikirlərini öyrənib.
O bildirib ki, bu vaxta qədər azərbaycanlı deputatlar Türkiyə parlamentində müxtəlif dövrlərdə təmsil olunub: “Amma builki parlament seçkisində azərbaycanlıların seçilməməsinin səbəbini müəyyən dərəcədə müqayisəli təhlil etmək lazımdır. Niyə Türkiyə kimi dövlətdə erməni deputat seçilir, azərbaycanlı seçilə bilmir? Çünki erməni strateji məsələlərə yanaşmada bizdən xeyli irəlidə olduğuna görə seçilə bilir. Bir neçə azərbaycanlı bir yer uğrunda mübarizə aparır, nəticədə səslər parçalanır, yerinə kürdlər seçilir. Bu da bizim uzaqgörən hazırlıq proqramımızın olmaması ilə bağlıdır. Qarabağın itirilməsini də bunda axtarmaq lazımdır.
Eyni vəziyyət Borçalıda da, Güney və Quzey Azərbaycanda da var. Yəni başqa ölkələrin parlamentlərində təmsilçilik məsələsində də eyni problemi yaşayarıq. Bir-birimizə dəstək verib ortaq güc nümayiş etdirə bilmirik. Türkiyədəki seçki də bunu göstərdi. Necə olur ki, erməni özünə düşmən kimi sayan Türkiyə mühitində qalib gələ bilir, azərbaycanlı qalib gələ bilmir?! Bu məsələ çox üzücüdür. Amma görünür, biz çox təkmilləşmə dövrünü keçməliyik”.
Fazil Mustafa onu da əlavə edib ki, erməni əsilli şəxslərin türk parlamentində seçilməsinin Konstitusiyaya aidiyyəti yoxdur: “Onlar CHP-dən, AKP-dən və kürdlərin partiyasını təmsil edən bir namizəd veriblər. Bu namizədlər siyahıda elə yerləşdirilib ki, qalib gəliblər. Buna görə bir millətdən olan erməni üç fərqli partiyadan təmsilçilik əldə edir. Bu nə deməkdir? Danışılmış, sistemli, xaricdən idarə olunan bir prosesdir. Nə yazıq ki, Türkiyədə siyasətçilər bunun girovuna çevrilib. Ermənilərin gələcəkdə Türkiyənin başına bəla olması üçün buna şərait yaradıblar. Üzücüdür, amma nə edək, daha fəal olanlar dünyada həmişə qazanırlar. Erməni də Azərbaycandan fəal olduğu üçün qazana bilib”.
Yeganə OQTAYQIZI