Azərbaycan Mətbuat Şurası (MŞ) görkəmli jurnalist Şamil Şahməmmədovun 75 illiyi münasibətilə mərasim keçirib. Qurumdan Modern.az saytına verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov Şamil Şahməmmədov yaradıcılığının çağdaş jurnalistikamız üçün örnək olduğunu deyib.
MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, keçmiş sovetlər birliyi dönəmində jurnalistikanın qarşısında bir sıra maneələr var idi. Lakin o dövrün media ənənələri mütərəqqi keyfiyyətləri ilə yadda qalırdı: «Bu, ilk növbədə Şamil Şahməmmədov kimi insanların əməyinin nəticəsi idi. Ş.Şahməmmədov yaradıcılığı, cəsarəti, faktlara, hadisə və proseslərə yanaşması, əlbəttə idarəçilik və işgüzarlığı baxımından tam yeni bir mərhələ yaratmışdı».
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktor müavini Dağbəyi İsmayılov yubilyara təmsil olunduğu qurumun kollektivinin təbrik məktubunu təqdim edib. Onun sözlərinə görə, on ildən artıq müddətdə AzərTAc-ın baş direktoru olmuş Ş.Şahməmmədov agentliyin dünya miqyaslı media təşkilatına çevrilməsində müstəsna xidmət göstərib.
Uzun müddət «Azərbaycan gəncləri» qəzetinin redaktoru olmuş, əməkdar jurnalist Yusif Kərimov ölkə jurnalistikasının inkişafında müstəsna xidmətləri olan şəxslərin yada salmasını vacib amil kimi vurğulayıb. Mətbuat Şurasının mövcud istiqamətdəki təşəbbüsünü təqdir edən Y.Kərimov bildirib ki, Şamil Şahməmmədov yaradıcılığı, bütövlükdə ömür yolu barədə geniş söhbət açılmalı, öyrənilməli görkəmli simalardandır.
Qeyd edək ki, milli jurnalistikamızın inkişafında müstəsna xidmətləri olan Ş.Şahməmmədovun əməyi dəfələrlə yüksək təltiflərlə qiymətləndirilib. «Şöhrət» ordenli qələm sahibi Azərbaycanda bu yüksək dövlət təltifini alan ilk jurnalist kimi tarixə düşüb. O, həmçinin Prezident təqaüdçüsüdür.
Modern.az