Modern.az

Rusiyadan Bakı və Aşqabada qaz xəbərdarlığı: “Təktərəfli addımlar qarşılıqlı inamı sarsıdacaq”

Rusiyadan Bakı və Aşqabada qaz xəbərdarlığı: “Təktərəfli addımlar qarşılıqlı inamı sarsıdacaq”

9 İyun 2015, 13:48

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan vasitəsilə Türkmənistan qazını dünya bazarlarına çıxarmalı olan Transxəzər qaz kəmərinə qarşı çıxıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç qaz kəmərinin tikintisi ilə bağlı birtərəfli addımlardan çəkinməyə çağırış edib:

“Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı birtərəfli hərəkətlər Xəzər hövzəsi ölkələri arasında inamın pozulmasına səbəb ola bilər. İstisna deyil ki, regiondan olmayan və layihənin lobbiçiliyini edən qüvvələr özlərini “xəzərlilərə” strateji tərəfdaş kimi təqdim edirlər və onlara qaz kəmərinin tikinti ilə bağlı hər cür siyasi dividend vəd edirlər”.

Aleksandr Lukaşeviçin fikrincə, layihənin gerçəkləşməsi üçün təkcə Bakı və Aşqabadın deyil, həm də İran və Rusiyanın razılığı lazımdır:

“Ötənilki Həştərxan sammitində qərara alındı ki. Xəzərlə bağlı vacib qərarların verilməsində bütün Xəzəryanı dövlətlər iştirak etməlidirlər. Şübhəsiz ki, qaz kəmərinin tikintisi də buna aiddir”.

Avropa Birliyi, Azərbaycan və Türkmənistan Transxəzər qaz kəmərinin tikintisini həyata keçirməklə Türkmənistan qazının Avropaya ixracını nəzərdə tutur. Lakin İran və Rusiya Xəzər dənizinin dibi ilə Türkmənistandan Azərbaycana uzanacaq qaz kəmərinin tikintisi üçün bütün 5 Xəzəryanı dövlətin razılığının olmasını vacib sayırlar.



Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama