Modern.az

“Şuşaya Azadlıq” kampaniyasının loqosunun təqdimatı keçirilib - FOTO

“Şuşaya Azadlıq” kampaniyasının loqosunun təqdimatı keçirilib - FOTO

Təhsil

9 İyun 2015, 16:28

Azay Quliyev: “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasını bundan sonrada uğurla davam etdirəcəyik”

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının rəsmi loqosunun müəyyənləşdirilməsi məqsədilə elan etdiyi müsabiqənin nəticələrinin ictimai təqdimatı keçirilib. 

Şuradan Modern.az-a verilən məlumata görə, toplantıda çıxış edən ADTGT-nin sədri Asif Əsgərli müsabiqəyə Azərbaycandan və 8 xarici ölkədən (İspaniya, Latviya, Ukrayna, Gürcüstan, Moldova, Serbiya, Bosniya və Herseqovina və Türkiyə) yaradıcı şəxslər və QHT-lər tərəfindən 37   loqo variantının təqdim edildiyini bildirib. Bütün loqo təklifləri Rəssamlar İttifaqı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, ADTGT və müstəqil dizayn-rəssamlıq studiyaları təmsilçilərinin daxil olduğu Ekspert Komissiyası tərəfindən qiymətləndirilib. Orijinallığı və loqo konsepti yüksək qiymətləndirilən Gürcüstan Gənc Diplomatlar Assosiasiyasının prezidenti QHT-sinin rəhbəri Zurab Gventsadzenin təqdim etdiyi loqo Ekspert komissiyası tərəfindən müsabiqənin qalibi seçilib.

Mərasimdə çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının məqsədinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan, tarixi, mədəni abidələri dağıdılan, “Qafqazın musiqi beşiyi” adlandırılan Şuşaya dair həqiqətlərin dünyaya çatdırılması, şəhərin mədəni irsini məhv edən erməni vandalizminin dayandırılması, bu sahədə ədalətin bərpasına xarici ölkələrin vətəndaş cəmiyyəti institutlarını və dövlət strukturlarını cəlb etmək olduğunu deyib.

Şura sədri Şuşanın Qarabağın simvolu, milli-mənəvi dəyərlərimizdə özünəməxsus yeri olan mühüm coğrafi məkan olduğunu bildirib: “Ermənistan tərəfindən Şuşanın mədəni, tarixi abidələrinə qarşı törədilən vandalizm yalnız Azərbaycanı deyil, bütün bəşəriyyəti narahat etməlidir.  Bu gün ölkəmizin bir nömrəli problemi Qarabağ məsələsidir. Şuşanın azadlığı bütövlükdə Qarabağın azadlığı deməkdir. Ona görə bu kampaniya olduqca əhəmiyyətlidir və biz onu müxtəlif dünya ölkələrində uğurla davam edirəcəyik”.

Azay Quliyev müsabiqənin qalibi Zurab Gventsadzenin Azərbaycanın dost və qonşu xalqının nümayəndəsi kimi dərdlərimizi yaxından anladığını və bu cəhətdən də təqdim etdiyi loqo variantının dolğun və təsirli olduğunu qeyd edib. Şura sədri cənab prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində tezliklə ədalətin bərpa olunaraq Şuşanın həqiqi sahiblərinə təslim ediləcəyini və adıçəkilən kampaniyaya bir daha ehtiyac olmayacağını vurğulayıb.

Azay Quliyev I Avropa Oyunları ilə əlaqədar Bakıya minlərlə xarici vətəndaşın gəlməsindən səmərəli istifadə edərək Azərbaycan həqiqətlərinin onlara təbliğ olunması üçün zəruri işlərin görüldüyünü, Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini ifşa edən stend, buklet və digər materialların hazırlandığını deyib.

Millət vəkili Rövşən Rzayev və “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbəri çıxışında kampaniyanın əhəmiyyətini vurğulayıb. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa şəhər icra hakimiyyətinin başçısı Bayram Səfərov kampaniyanın mühüm əhəmiyyətini vurğulayaraq onun xarici ölkələrdə təşkilinin genişləndirilməsinin zəruriliyini bildiriblər.

Sonra Zurab Gventsadzeyə xüsusi mükafat və diplom təqdim edilib. Z. Gventsadze loqonun rəmzlərini izah edərək, növbəti ili Şuşada qarşılayacaqlarına inamını ifadə edib.

  Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj