«Bu bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir... Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur.»
Prezident İlham Əliyevin Avropa Olimpiya Komitəsinin 2015-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı münasibətilə Azərbaycan xalqına 10 dekabr 2012-ci ildəki təbrikindən
Vətənimiz Azərbaycanın bu gün qazandığı uğurlara diqqət yetirmək kifayətdir ki, ölkəmizlə bağlı beynəlxalq səviyyədə atılan uğurlu addımların, qəbul edilən qərarların, söylənilən hər bir xoş fikrin səbəbi açıqlansın. Baş Assambleyanın iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səsi qazanan Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etmək şansını qazanması böyük uğurdur. Düşünülmüş və məqsədyönlü siyasət daim ölkənin davamlı inkişafına, uğurlarının ardıcıllığına yol açır. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, bizim sözümüzün imzamız qədər qüvvəsi vardır. Dostlarımızın sayı artır. Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir. Etibarlı tərəfdaş kimi tanınır. Nəzərə alsaq ki, bizə qarşı həm dünya erməniləri, eyni zamanda, Azərbaycanın uğurlarını qəbul etmək istəməyən, bunu həzm edə bilməyən qüvvələr daim kampaniya aparır, bu inamı qazanmaq o qədər də asan məsələ deyil.
Beynəlxalq dialoq və əməkdaşlıq məkanı olan Azərbaycan dəfələrlə mötəbər siyasi, iqtisadi, humanitar tədbirlərə uğurla ev sahibliyi edib. Ümumiyyətlə, Azərbaycana beynəlxalq miqyasda çox böyük maraq var. Bu maraq həm də ölkəmizin yerləşdiyi coğrafi mövqenin əhəmiyyəti və Şərqlə Qərb sivilizasiyalarının qovuşduğu məkan olması ilə əlaqədardır. Eyni zamanda, Azərbaycanda mövcud olan sabitlik, inkişaf, demokratiya mühiti ölkəmizin beynəlxalq səviyyədə siyasi, iqtisadi, humanitar sahələrdə dialoqun aparılmasında daha təşəbbüskar mövqedən çıxış etməsinə imkan verir və ötən zaman Azərbaycanın dünyada vacib mədəni, humanitar dialoq mərkəzlərindən birinə çevrilməsi baxımından çox uğurlu olub.
Bu reallıq inkaredilməzdir ki, son illərdə Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edib. İkinci belə ölkə dünya xəritəsində tapılmır ki, Azərbaycan qədər uğurlar əldə edə bilsin. Bu uğurlar çoxşaxəlidir, bütün sahələri əhatə edir. Həm beynəlxalq, həm daxili siyasətlə, iqtisadi islahatlarla, siyasi islahatlarla bağlı hara baxsan Azərbaycan uğurla, inamla sürətlə inkişaf edir. Bu inkişaf artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qeyd edilir, qiymətləndirilir. Azərbaycanın təcrübəsi ən müsbət təcrübə kimi öyrənilir.
«Azərbaycan inkişafda olan bir ölkədir. Vaxt gələcək biz də inkişaf etmiş ölkələrin bütün meyarlarına cavab verəcəyik» söyləyən cənab İlham Əliyev ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsində bu amillərin rolunu xüsusi diqqətə çatdırır. Təkcə cari ildə keçirilən tədbirlərin sayına və əhatə etdiyi mövzulara diqqət yetirmək kifayətdir.
Ölkə Prezidenti möhtərəm İlham Əliyev daim vurğulayır ki, dünya dəyişir, dünyada cərəyan edən proseslər müxtəlif istiqamətdə inkişaf edir. Ancaq təbiətin ümumi qanunları dəyişmir. Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır. Bizim bu illər ərzindəki ən böyük uğurumuz ondan ibarətdir ki, müstəqillik yolundan dönməmişik. Müstəqillik sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara bilir, yoxsa yox. Xüsusilə, böyük güc mərkəzlərinin maraqlarının kəsişdiyi bir coğrafi məkanda yerləşən ölkələr üçün bu, aktualdır. Bu məkanda, bu qonşuluqda təbii sərvətlərlə zəngin olan Azərbaycan müstəqil siyasət aparır və aparacaq.
Ölkəmizin bu gün dünyada yeri və rolunun artması, beynəlxalq münasibətlər sisteminin ən fəal üzvü kimi nüfuz qazanması da bu gerçəkliyi təsdiqləyir ki, iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı da keçilən yola verilən dəyərdən, eyni zamanda ölkəmizdə idmanın inkişafına göstərilən önəmdən qaynaqlanır. Bu siyasətin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, idman elə bir sahədir ki, Azərbaycanın müstəqilliyinin rəmzlərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayır. İdman tədbirlərində əldə olunan qələbələr dövlət himnimizin səsləndirilməsi, bayrağımızın yüksəklərə qaldırılması ilə nəticələnir. Bu isə Azərbaycanın bir daha təqdimatı, bir dövlət olaraq tanıdılması üçün böyük uğurdur.
«Düşünürəm ki, bu Oyunlar Azərbaycanın mədəniyyətinin, zəngin multikulturalizm ənənələrinin, turizm imkanlarının, həmçinin Azərbaycan brendi olan məhsulların təbliği baxımından da çox faydalı olacaqdır» söyləyən cənab İlham Əliyev bir daha bu əminliyi ifadə edir ki, bizim güclü potensialımız, mükəmməl idman infrastrukturumuz, böyük beynəlxalq tədbirləri təşkil etmək sahəsində yaxşı təcrübəmiz var və əminəm ki, bu Oyunları ən yüksək səviyyədə keçirəcəyik. «Bakı-2015»” idman tarixində yeni maraqlı səhifə olacaq.Bu, həmçinin dörd ildən sonra keçiriləcək növbəti Oyunlara bələdçi hadisədir və Avropa Oyunlarının standartları məhz Bakıda müəyyənləşdiriləcək.
Avropa Oyunlarının məşəli ölkəmizin hər bir bölgəsini gəzib dolaşaraq, yenidən Bakıya gətirildi. Qeyd edildiyi kimi, sülh, dostluq və təntənə mesajını hər yerə yayan bu kimi tədbirlər, eyni zamanda Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın ayrı-ayrı ölkələrində «Bakı-2015» Birinci Avropa Oyunlarının təqdiamatının keçirilməsi Azərbaycan reallıqlarının təbliği, bugünkü uğurlarımıza baxış və gələcək barədə aydın təsəvvürün yaradılması baxımından xüsusi əhəmiyyət kəsb etdi.
Qeydə olunanların fonunda ümuiləşdirmə aparsaq, böyük fəxr və inam hissi ilə qeyd edə bilərik ki, birinci Avropa Oyunları 24 ilə yaxın müsəqillik tarixinə hər gün davamlı uğurları ilə yeni-yeni səhifələr yazan Azərbaycana böyük nüfuz, divident gətirəcək, idman həyatında möhtəşəm izlər qoyacaq, yeni-yeni dostlar qazandıracaq. Amma təəssüf ki, bu tədbirin ölkəmizdə keçirilməsindən qıcıqlanan müəyyən dairələr var. Möhtəşəm hadisələr baş verərkən onlar daha da fəallaşırlar və Azərbaycan zərbə vurmaq istəyirlər. Lakin xalqımız hər zaman ölkəmizə qarşı aparılan bu qarayaxma kompaniyalara qarşı öz kəskin mövqeyini bildiribdir. Hər birimiz bu beynəlxalq tədbirin ölkəmizə keçirilməsi ilə qurur duyuruq. Artıq Azərbaycan müasir dünyaya yaxından inteqrasiya etmiş, iqtisadi cəhətdən yüksək inkişaf səviyyəsinə çatmış, dünya səviyyəli idman oyunlarını, mədəni tədbirləri keçirməyə hazır olan ölkədir.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və uğurla apardığı müstəqil Azərbaycanın inkişaf siyasəti bu gün də müvəffəqiyyətlə davam etdirilir. Ulu Öndər Heydər Əliyevin və Onun siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasəti nəticəsində artıq Azərbaycan dünyada böyük nüfuza və söz sahibinə çevrilib.
Şəmşir Şəmşirli,
Xarici İşlər Nazirliyinin əməkdaşı