Azərbaycan Mərkəzi Bankı “Zıraat Bank Azərbaycan” ASC-yə ilk filialını açmaq üçün icazə verib.
Modern.az xəbər verir ki, bu barədə fins.az-a açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Alptekin Sarıgöl bildirib. Onun sözlərinə görə, yeni filial paytaxtın Səbail rayonunda, İstiqlaliyyət küçəsində (metronun “İçəri Şəhər” stansiyası ilə üzbəüz) yerləşir.
Bununla belə, “Zıraat Bank Azərbaycan” rəsmisi bankın fəaliyyətə başlayacağı tarixin hələ məlum olmadığını deyib:
“Komandamız gecə-gündüz işləyir, hələ heç proqram təminatımız hazır deyil. Buna görə də, konkret tarix demək çətindir”. Azərbaycan Mərkəzi Bankı “Zıraat Bank Azərbaycan”a bank fəaliyyəti göstərmək üçün lisenziyanı ötən il, dekabrın 30-da verib. Bank 50 milyon manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayacaq.
Modern.az