Modern.az

Mübhəm "Cin Məclisi" - HƏQİQƏTLƏR, MÜƏMMALAR...

Mübhəm "Cin  Məclisi" - HƏQİQƏTLƏR, MÜƏMMALAR...

9 İyun 2015, 20:27

Abu Dabi Universitetinin azərbaycanlı əməkdaşı

Dünya möcüzələrlə, qəribəliklərlə, bu günədək  hələ də açılmayan sirlərlə doludur.  Haqqında söhbət açacağım xilqət aləminin mübhəm məkanı olan "Cin Məclisi" kimi... 

Beləliklə, Oman sltanlığında hazırladığım reportajı Modern.az saytının oxucularına təqdim edirəm

Maşın kəndə doğru  irəlilədikcə əsrarəngiz təbiət lövhəsi insanı heyran edirdi. Dumana bürünən dağların ətəklərində salınan yamyaşıl xurma bağları xüsusilə göz oxşayırdı. Buludların arasından boylanan günəşin zəif şəfəqləri isə sanki yaşıllığa, ecazkar vahəyə sığal çəkirdi.



Uzun bir yol, təqribən yeddi saatlıq məsafəni qət etdikdən sonra, nəhayət  mənzil başına çatdıq. Məğrib azanına az qalmışdı. Kənd  sanki fövqəladə sükuta qərq olmuşdu. Evlərinin ətrafında var-gəl edən tək-tük adamları çıxmaq şərtilə kəndin içində  gözümüzə dəyən olmadı.

Evinə qonaq  getdiyimiz ailənin başçısı Xalfan baba bizi qapının önündə bədəvi adəti ilə salamlayaraq, içəri dəvət etdi. Abu-Dabidən gələn qohumlarını məxsusi  qonaqpərvərliklə qarşılayan Moza nənə isə ocağın üstündə hazırladığı ərəb kofesinə və hələ də dadı damağımdan getməyən Oman halvasına bizləri qonaq etdi. Hal-əhval tutduqdan sonra, kəndin yaxınlığında, 15 kilometrlik məsafədə yerləşən, "qeyri-adi varlıqların" məskunlaşdığı məkan haqqında ətraflı məlumat əldə etmək üçün Moza nənəni sorğu-suala tutdum. Moza nənə daş atıb başını tutdu: "Həzi məkan məskun" (Ora qeyri-adi varlıqların məskənidir).

Moza nənənin nəql etdiyi və kənddə baş verən qəribə hadisələri eşitdikcə, insanı istər-istəməz vahimə hissi bürüyür. Hələ uzun illər öncə Omanda yaşayan qohumlardan, eləcə də rəfiqələrimdən "Cin məclisi", "Cinlərin toplaşdığı, görüşdüyü məkan" adlandırılan yeraltı mağaranın olduğunu eşitmişdim. Oman Sultanlığına növbəti səfərimizdə yolüstü həmin sirli məkana getməyi qərara aldıq.


Dünyanı heyrətləndirən  "Məclis əl-Cin"...

"Məclis əl-Cin" (Cin məclisi) adlı arxeoloji mağara Oman Sultanlığının şimal-şərq bölgəsində, Kiryat vilayətinin Fins kəndi yaxınlığında, Hacar dağ massivinə mənsub olan Bani Caber yüksəkliyi, "Salmah" yaylası ərazisində yerləşir.
Yer səthindən 1380 metr hündürlükdədir. "Məclis əl-Cin" dünyanın ən böyük daxili qübbəyə malik yeraltı mağaralarından biridir. 310 x 225 metrlik genişliyə malik mağaranın tavanı, divarları qeyri-adi stalaqmit və stalaktit qatlarla zəngindir. Tavanın qalınlığı 40-58 metrdir. Yağıntılar nəticəsində əmələ gələn kalsium-karbonat tərkibli təbəqə mağaranın divarlarına xüsusi gözəllik verir.

Mağaranın dairəvari şəkildə olan daxili zalı möhtəşəmliyi ilə hər kəsi heyrətləndirir. Tədqiqatçı alimlərin rəyinə  görə, Misirdəki nəhəng Xeops ehramı "Məclis əl-Cin" mağarasına asanlıqla yerləşə bilər. Misilsiz əzəməti ilə fərqlənən  "Məclis əl-Cin"in daha bir qeyri-adiliyi  və qəribəliyi  məhz  sütünsuz olmasıdır.


Mağara nə üçün "Məclis əl-Cin" adlandırılıb?!...

Mağaranın dəliklərindən düşən günəş şüaları divarlarda sağdan sola tərəf müxtəlif hərəkətli kölgələr yaradır. Bu hərəkətli kölgələrdə ifrit və cinlərin surətləri açıq-aydın sezilir.

Tədqiqatçı-alimlərin gəldikləri qənaətə görə, hərəkətli  kölgələrdə ifrit və cinlərin  keçirdikləri şadyanalıqlar, toy-büsat  məclisi əks olunur. Məhz bu səbəbdən mağara "Məclis əl-cin" (Cin məclisi) adlanır.

Yeraltı mağaranın hündürlüyü 120-150 metr, ən dərin yeri isə, 178 metrdir. "Məclis əl-Cin"  mağarasının üç  giriş dəliyi var. 

Birinci giriş "Xoşlat  Makandeli", ikincisi "Xoşlat Minqad", üçüncü giriş isə "Xoşlat Beyea əl- Hiyul" adlanır və onu qeyd edim ki, "xoşlat" sözü  yerli ləhcədə qoyun-quzuların saxlanıldığı məkan mənasındadır.    


Salma əfsanəsi...

Rəvayətə görə, qədim zamanlarda Fins kəndində Salma adında gözəl qız varmış. Günlərin bir günü, şər qarışan vaxtda keçiləri ilə örüşdən qayıdan Salma yeraltı mağarada məskunlaşan Təkgöz Cinin qarşısına çıxır. Cin qızı şər qüvvəsi ilə ovsunlayaraq özünün yeralti səltənətinə aparır. Dinə, imana bağlı olan Salma qaranlıq mağarada Allaha pənah aparır, gecə-gündüz ah-nalə içərisində çabalayaraq dualar edir. Nəhayət fövqəladə möcüzə baş verir, Salmanı tilsimə salan şər qüvvə Allahın qəzəbinə düçar olur. Cinin şərindən azad olan Salma çətinliklə mənhus mağaradan çıxır.



Digər bir rəvayətə görə, qədim zamanlarda Fins kəndində kasıb, imanlı Salma adlı qadın yaşayıb. Həyətində bəslədiyi yeddi keçisi onun qazanc mənbəyi idi. Günlərin bir günü örüşdən qayıdan Salma kəndə ərzaq dalınca gedir. Qayıtdıqda isə, çox qəribə mənzərə ilə qarşılaşır... Sürüyə  hücum edən vəhşi bəbir qənimətlərini parçaladıqdan sonra iri qaya parçasının üstündə asta-asta mürgüləyirdi. Gördüyü mənzərədən dəhşətə gələn Salma fürsəti əldən verməyərək  əlindəki xəncərlə bəbirə hücum edir. Əlbəyaxa döyüşdə çətinliklə bəbiri öldürən cəsur qadın özü də ağır yaralanır, müvazinətini itirərək, hündür qayadan yerə yıxılır. Bu zaman fövqəladə təbiət möcüzəsi baş verir, Allahın əmri ilə göydən yerə yeddi (Salmanın keçilərinin sayı qədər) parlaq ulduz  enir və güclü zərbənin təsirindən sirli mağara yaranır. Yerli əhali cəsur qadının xatirəsinə mağaranın yerləşdiyi ərazini "Salma Yayla"sı adlandırır.

Müəmmalı və qorxunc səslər...

Küləkli havada mağaranın dəliklərindən uğultulu, qorxunc səslər açıq-aydın eşidilir.

Yerli əhalinin inancına görə, bu qorxunc səslər məhz mağarada dolaşan müəmmalı varlıqların tükürpədici səsləridir. Kəndin ahılları şər qarışan vaxtda, xüsusilə gecələr mağaraya tərəf getməyi məsləhət görmürlər...


"Cinlər aləmi" ilə təmas...

Kəndin yaşlı sakinlərinin dediklərinə  görə, hələ qədim zamanlarda "cinlərlə təmasda olmaq istəyən" 40 gün müddətində sirli mağarada tək yaşayırmış. Onu qeyd edim ki, yerli ləhcədə "muxavi" adlanan bu şəxslər  "Cinlər aləmi"nə daxil olmaq üçün tərki-cahan olaraq mağaraya sığınır, "müəyyən qayda-qanunlara" əməl edərək qeyri-adi varlıqlarla "əlaqə" yaradırdılar.


Sirli mağaranın kəşf edilməsi...

"Məclis əl-Cin" mağarası hələ qədim zamanlardan yerli əhaliyə məlum olsa da, deyilənə görə, müxtəlif zamanlarda mağaranın içərisini kəşf etməyə çalışanlar fərqli səbəblərdən həyatlarını itiriblər. Lakin sirli mağara  rəsmi olaraq  amerikalı geoloq-alim Don Davison tərəfindən aşkar olunub. Ölkə ərazisində yeraltı su yataqlarının axtarış və kəşfiyyat işlərini aparan ekspedisiya qrupuna rəhbərlik edən geoloq  Don Davison 118 metrlik "Xoşlat Makandeli" dəliyini 23 iyun 1983-cü ildə təsadüf nəticəsində aşkar edib. Mağaranın digər dəliyi: 158 metrlik "Xoşlat Minqad"  1 mart  1984-cü ildə geoloq Don Davisonun həyat yoldaşı və eyni zamanda elmi ekspedisiyanın üzvü hidrogeoloq alim Şeril Jones tərəfindən aşkar olunub.  Sonuncu 139 metrlik  "Xoşlat Beyea əl- Hiyul" dəliyi  isə, 22 aprel 1985-ci ildə Don Jons  tərəfindən aşkarlanıb.

Oman Sultanlığının simvolu...



Oman Sultanlığının simvolu sayılan "Məclis əl-Cin" mağarası dünyanın üçüncü ən geniş  yeraltı mağarası olaraq Ginnesin Rekordlar Kitabına  düşüb. Bayırda havanın hərarəti müsbət  50 dərəcə olmasına baxmayaraq, mağaranın daxilində temperatur 15-18 dərəcə arasında dəyişir. Mağaraya yalnız alpinist ləvazimatlarından istifadə etməklə  düşmək mümkündür.  Onu qeyd edim ki, mağaranı ziyarət etmək üçün  mütləq  Omanın Turizm Nazirliyindən rəsmi icazə alınmalıdır. Turistlərin və eləcə də ətrafdakı insanların təhlükəsizliyini təmin etmək məqsədi ilə mağaranın hər girişini xüsusi gözətçilər dəstəsi qoruyur.

Kənd sakinlərinin dediklərinə görə, sirli mağarada məskunlaşan "qeyri-adi" varlıqları, cinləri narahat edənlərin aqibəti əksər hallarda acınacaqlı sonluqla bitir. Bəlkə də, məhz bu səbəbdən haqqında müxtəlif fərziyyələr dolaşan mübhəm "Məclis əl-Cin" mağarası elmi cəhətdən hələ də ətraflı tədqiq olunmayıb.

Möcüzəvi  "Əkiz xurma" ağacı...


Hər dəfə Oman Sultanlığına səfərimdə  qeyri-adi qəribəliklərlə qarşılaşıram. Bu səfərimdə diqqətimi cəlb edən daha bir qəribəlik isə, bir gövdənin üzərində bitən və "əkiz" adlandırılan xurma ağacı oldu.  

Bağ sahibinin dediyinə görə, xurma ağacının qəribəliyi təkcə xarici görünüşü ilə bitmir. Belə ki, hər il mövsüm vaxtı "əkiz" xurmanın hər biri eyni miqdarda bar verir. Əgər "əkiz"dən biri bar verməsə, digəri də onunla  "həmrəy olaraq" bar gətirmir.

Möcüzələrlə dolu dünyanın, sonsuz kainatın tək sahibi Allah Təalanın ilahi qüdrəti, əzəməti, cəlalı qarşısında  cümlə-aləm acizdir.  Xilqət aləmində açılmayan sirlər, mübhəm məqamlar, insanı dərindən düşünməyə vadar edən və cavabsız qalan suallar isə, saysız-hesabsızdır...  

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu