Modern.az

“Əfv Komissiyasının tərkibinə yenidən baxıla bilər” - DEPUTAT

“Əfv Komissiyasının tərkibinə yenidən baxıla bilər” - DEPUTAT

Ölkə

10 İyun 2015, 09:13

Prezident Yanında Əfv Məsələləri Komissiyası 21 üzvdən ibarətdir.

Onlardan ikisi - Hüseyn Cavidin ev muzeyinin direktoru Turan Cavid və xalq şairi Vaqif Səmədoğlu vəfat edib.

Modern.az saytının əldə etdiyi məlumata görə komissiyanın üzvü Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Ağamusa Axundov səhhətində yaranmış problemlə əlaqədar komissiyanın iclaslarında iştirak edə bilmir.

Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub da eyni səbəblə bağlı komissiyanın toplantılarının hamısına qatıla bilmir. Dövlət rəsmiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələrindən təşkil olunan komissiyanın iclasları 11 üzv iştirak etdikdə baş tutmuş sayılır. Hər zaman cəmiyyətin maraqla izlədiyi komissiyanın tərkibinə yenidən baxılmağa ehtiyac varmı?

Modern.az saytı məsələ ilə əlaqədar Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadənin fikirlərini öyrənib.

O, bildirib ki, komissiyanın tərkibinə yenidən baxılması məsələsi gözləniləndir: “Hesab edirəm ki, fiziki problemləri ilə bağlı kimlərsə komissiyanın işində iştirak edə bilmirsə, ya onlar könüllü komissiyadan getməlidir, ya da onların əvəzinə daha işlək, daha operativ çalışmaq bacarığı olan insanlar üzvlüyə salınmalıdır.

Yəqin ki, I Avropa Oyunlarından sonra bu məsələlərə baxıla bilər. Prezident ildə bir neçə dəfə əfv sərəncamı imzalayır, humanist addım atır. Bu baxımdan Əfv Komissiyasında işlək insanların olması daha önəmlidir”.

Çingiz Qənizadə komissiyada təmsil olunan insanların əlçatan olması məsələsinə də toxunub: “Prezident Müstəqillik Günü ilə bağlı son toplantıda bir ifadə işlətdi ki, “ictimai nəzarətə ehtiyac var”. 

Hesab edirəm ki, o komissiyada ictimaiyyət nümayəndələrinin olması çox önəmlidir. Doğrudur, komissiyada bir neçə şəxs var ki, onlar əlçatandırlar. Məsələyə baxılarkən həm mətbuat işçilərinin, həm də hüquq müdafiəçilərindən kimlərinsə, komissiyada təmsil olunması daha yaxşı olardı. Ən azından informasiya əldə etmək baxımından bu faktorlar nəzərə alınmalıdır”.

Yeganə OQTAYQIZI  


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi