Modern.az

“İpoteka qanunvericiliyinə dəyişiklik edilməlidir” - Ekspert

“İpoteka qanunvericiliyinə dəyişiklik edilməlidir” - Ekspert

10 İyun 2015, 15:54

“Aztəminatlı gənc ailələr üçün İpoteka Zəmanət Fondu formalaşdırılmalıdır”

 

“İpoteka krediti təklif edən bankların əksəriyyəti bu aydan ilkin ödəniş məbləğini artırmaqla risklərini sığortalamağa çalışırlar”. Modern.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O qeyd edib ki, əgər əvvəllər adi və sosial ipoteka krediti təklif edilən zaman mənzilin qiymətinin 20 faiz həcmində ilkin ödəniş tələb edilirdisə, indi bu göstərirci əksər banklarda ən azı 2 dəfə artırılıb:

“İpoteka krediti götürmək istəyənlərdən alınan evin qiymətinin ən azı 40 faizi həcmində ilkin ödəniş tələb edilir. Banklar ilkin ödəniş məbləğini artırmaqla, xüsusən də bu ilin fevralında baş verən devalvasiyadan sonra risklərini minimumlaşdırmağa çalışırlar. Risk menecment baxımdan bankların mövqeyini anlayışlı qarşılamaq olar. Amma məsələ ondadır ki, ipoteka proqramı sosial təşəbbüs olduğu üçün burada risklərin idarəedilməsi ilə yanaşı, aztəminatlı ailələrin mənzil probleminin həllinə yardımçı olmaq əhəmiyyətlidir”.  

Vüqar Bayramov vurğulayıb ki, dövlət büdcəsindən ayrılan vəsaitlə təklif olunan sosial ipoteka kreditləri təqdim edilən zaman bankların yüksək məbləğdə ilkin ödəniş tələb etməsini anlayışla qarşılamaq mümkün deyil: “Eyni zamanda, adi ipoteka istiqrazları yerləşdirilən Dövlət İpoteka Fondunun öhdəlikləri milli valyuta ilə olduğundan bankların manatla verilən kreditlərin gələcək dəyərindən ehtiyatlanması qəbuledilməzdir. İlkin ödəniş məbləğinin artırılması aztəminatlı ailələrin ipoteka proqramından faydalanmasında çətinliklər yaradır. Bu o deməkdir ki, 60 min manatlıq mənzil almaq istəyən şəxs ən azı 24 min manat ilkin ödəniş etməlidir. Razılaşaq ki, bu məbləğdə ödəniş etmək heç də ailələrin çoxu üçün asan deyil”.

İqtisadçı ekspert problemin həlli mexanizmindən də danışıb:

"Aydındır ki, özəl bankların risk menecment siyasətinə inzibati müdaxilə arzuolunan deyil. Çünki riski paylaşan və öhdəliklərə nəzarət edən bütün hallarda banklar olduğu üçün maliyyə məsuliyyətini də özləri daşıyırlar. Amma həm adi, həm də sosial ipoteka kreditlərinin bankların daxili yox, qismən deyil, hətta bütövlükdə kənar mənbələr hesabına təklif edildiyi üçün Mərkəzin Bankın prosesə müdaxiləsi nəinki mümkündür, hətta vacibdir. Bu baxımdan, ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi və ilkin ödənişlər üçün minimum deyil, maksimum limitlərin müəyyənləşdirilməsinə ehtiyac var. Mərkəzi Bank “qiymət tavanından” istifadə etməklə prosesi tənzimləyə bilər.

Bu zaman qanunvericiliyə edilən dəyişikliklə sosial ipoteka kreditləri üçün maksimum 20, adi ipoteka kreditləri üçün isə ən çox 25 faiz ilkin ödənişin tələb edilməsi müəyyənləşdirilə bilər. Bu halda, əgər alınan evin qiyməti 60 min manatdırsa, o zaman banklar ilkin ödəniş məbləği üçün ən çoxu 12 min manat tələb edə bilərlər.

Bu zaman banklar artıq qanunla müəyyənləşdirilən faiz limitindən artıq ilkin ödəniş tələb edə bilməyəcəklər. Adi ipoteka kreditləri üzrə faiz dərəcələrinin ölkə üzrə inflyasiya səviyyəsindən çox olduğunu nəzərə aldıqda, banklar sözügedən ipoteka kreditlərini təkliflər etməklə bu proqram üzrə gəlirlik səviyyəsini saxlaya biləcəklər. Eyni zamanda, qanunvericiliyə uyğun olaraq, Dövlət İpoteka Fondunun yanında İpoteka Zəmanət Fondunun formalaşdırılması və aztəminatlı gənc ailələr üçün ilkin ödəniş məbləğinin sözügedən fond tərəfindən qarşılanmasına da ehtiyac var”.  

Aytən ƏLİYEVA

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama