Cinayət Məcəlləsinə dəyişikliklə azyaşlılara cinsi təcavüz edənlərin cəzası artırılıb
İyunun 10-da prezident İlham Əliyev Cinayət Məcəlləsinə dəyişikliklərin tətbiqi barədə sərəncam imzalayıb.
Məcəllənin 159-cu maddəsində edilən dəyişikliyin mahiyyəti yetkinlik yaşına çatmayan şəxslərlə cinsi əlaqədə olmağa görə mövcud cəzanın sərtləşdirilməsi ilə bağlıdır. Bundan sonra 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bundan əlavə, məcəllənin 152.2-ci bəndində qeyd edilir ki, eyni əməllər 14 yaşına çatmayan şəxs barəsində törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cəzaların sərtləşməsi hansı zərurətdən yarandı? Cinsi təcavüzə məruz qalan azyaşlıların statistikası varmı? Modern.az saytı bu barədə deputat, hüquq müdafiəçisi Çingiz Qənizadənin fikirlərin öyrənib.
O bildirib ki, dəyişiklik, sadəcə, azyaşlılara himayənin artırılması, onlara qarşı zorakılığın qarşısının alınması xarakteri daşıyır:
“Yetkinlik yaşına çatmayan uşaqlara qayğının artırılması dövlət siyasətinin tərkib hissəsidir. Azyaşlılar həmişə dövlətin diqqəti və qayğısı altında olublar. Amma son zamanlar müşahidə olunurdu ki, azyaşlılarla bağlı cinayətlərin sayı artıb. Yetkinlik yaşına çatmayanlara qarşı valideynlər və himayədarlar tərəfindən diqqətsizlik olur.
Bundan əlavə, mətbuatda ara-sıra cinayət tərkibi seksual xarakterli hərəkətlər barədə də informasiyalar gedirdi. Buna görə qüvvədə olan İnzibati Məcəlləyə və Cinayət Məcəlləsinə əlavə və dəyişiklikləri məqsədəuyğun hesab etdik. Daha doğrusu, prezidentin imzası ilə Milli Məclisə belə bir layihə daxil olmuşdu.
Biz, sadəcə olaraq həddi-buluğa çatmayan və azyaşlılarla bağlı zorakılıq maddələrin sanksiya hissələrini artırdıq.
Paralel olaraq parlamentin son iclasında İnzibati Xətalar Məcəlləsində də dəyişikliklər etdik. Burda da valideyn himayəsində olanlar, yaxud buna bərabər tutulan şəxslər tərəfindən azyaşlılara qarşı diqqətsizlik, psixotrop, narkotik maddələrə, spirtli içkilərə, dilənçiliyə meylliliyin artması ilə bağlı hallar müşahidə olunursa, bu halda da valideyn və himayədarların cəza sanksiyalarının həddi artırıldı. Ümumilikdə, bir narazılıq var idi. Bu da ölkədə azyaşlılara qarşı seksual xarakterli hərəkətlərlə bağlı cinayətlər müşahidə olunması idi. Bunun da qarşısını almaq üçün metodları sərtləşdirdik”.
Yeganə OQTAYQIZI