“Azərbaycan kollektiv birliklərdə iştiraka bir az tənqidi yanaşır. Azərbaycan daha çox ikitərəfli qarşılıqlı faydalı partnyorluq əsasında qurulan əməkdaşlıqlara üstünlük verir”. Modern.az xəbər verir ki, bunu Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
O bildirib ki, SSRİ dağılanda Azərbaycanın qarşısında 3 əsas yol var idi:
“Birincisi, ya postsovet məkanındakı ölkələrlə inteqrasiya etmək, ikincisi, qərbə inteqrasiya etmək, üçüncüsü isə Asiya ölkələrinin yaratdığı qoşulmamaq hərəkatı daxilində neytral mövqe tutmaq. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan öz inkişaf yolunu və modelini müəyyən etdi. Artıq Azərbaycan nə Qərb, nə Şərq, nə Rusiya, nə də digər istiqamətlərdə inteqrasiya yox, öz yolunu seçərək milli maraqlarına uyğun fəaliyyət yolunu seçib. Ölkə başçısı o yolu özü davam etdirir. Bu yol balanslaşdırılmış, dövlətlərimizin maraqlarına cavab verən qarşılıqlı maraq doğuran siyasətdir”.
Əli Həsənov onu da vurğulayıb ki, son dövrlərdə Azərbaycana bəzi birliklərə qoşulması ilə bağlı müdaxilələr var:
“Avropa İttifaqı Azərbaycanı qonşuluq siyasəti üzrə kollektiv sazişə qoşulmağa çağırır, digər tərəfdən, Avrasiya İqtisadi Birliyi tərəfindən də belə çağırış edilir. Bir daha deyirik ki, biz öz maraqlarımıza və digərlərinin maraqlarına ziyan vurmamaqla, həm İranla, həm ABŞ-la, həm Türkiyə və İsraillə, həm Qərblə, həm də Rusiya ilə əməkdaşlıq edirik. Bu daha doğru yoldur və biz bu yolla gedirik. Bu Avrasiya məkanında ən doğru yoldur və biz də onunla gedirik”.
Aytən ƏLİYEVA