Oktyabrın 2-də xocavəndli məcburi köçkünlərin məskunlaşdığı Beyləqan rayonu ərazisində salınmış Yeni Xocavənd qəsəbəsində Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 18-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Mərasim iştirakçıları “Şəhidlər” kompleksi önünə əklil qoyub, erməni quldurlarına qarşı mübarizədə canlarından keçmiş həmyerlilərinin ruhuna ehtiramlarını bildiriblər.(AzərTAc)
Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıb.
İcra başçısı bildirib ki, ərazisi 1458 kvadratkilometr olan Xocavənd rayonunda 1 şəhər, 2 qəsəbə, 81 kənd olub. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 15-də Xətai kəndi, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Haxullu kəndi işğal edilib. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törədib, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetirərək soyqırımı həyata keçiriblər. 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub.
E.Hüseynov bildirib ki, xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində hər cür şəraiti olan qəsəbə inşa edilib.
Xatırladaq ki, özünəməxsus təbii sərvətləri, təbiət abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları 2034 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro; ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı; proqnoz ehtiyatları 90,33 min kubmetr/gün olan yeraltı şirin su yataqları var. Rayonun Qırmızı bazar qəsəbəsində diametri 600 santimetr, hündürlüyü 25 metr olan 1 ədəd 1000 və diametri 600 santimetr, hündürlüyü 25 metr olan 1 ədəd 2000 yaşlı Şərq çinarı təbiət abidəsi kimi qorunurdu. Qarakənd kəndində respublikanın “Qırmızı kitab”ına daxil olmuş III dövrün relikt növünə aid, orta diametri 24 santimetr, hündürlüyü 12 metr, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə olunurdu.
Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xocaşın çayının kənarlarında bitən təbii meşə, Kuropatkin adlanan ərazidə isə 6000 hektara qədər ərazidə olan ağaclar (əncir, tut, nar, fıstıq, yemişan, palıd, qarağac və digər növlər) qırılaraq məhv edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”in əldə etdiyi məlumatlara əsasən, rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər müntəzəm yandırılır, fauna və flora tamamilə məhv edilir, yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır. Daxil olmuş məlumatlara əsasən, yandırılmış ərazilərdə 47 adda bitki və 19 adda ağac nümunələri kökündən yanaraq məhv olub.
Modern.az