Modern.az

Ölkəm bu gün tarix yazır

Ölkəm bu gün tarix yazır

12 İyun 2015, 11:02

Və ya Ana Torpaq üçün müsəlləh əsgər olma fürsəti

Azərbaycan bu gün yenə öz tarixində, Şərq tarixində, Avropa tarixində, dünya tarixində bir ilkə imza atır. Dünyaya çoxsaylı maddi-mənəvi dəyərlər bəxş etmiş Azərbaycan ilk Avropa Oyunlarına təşkilatçılıq və ev sahibliyi etməklə, bir daha özünün novatorluğunu, təşəbbüskarlığını bəşəriyyətə nümayiş etdirir.

  İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi yalnız ölkəmizdə yaşayan 9 milyon azərbaycanlı üçün deyil, bütövlükdə dünyada yaşayan 50 milyonluq xalqımız üçün də fəxrdir. Azərbaycan Avropa Oyunlarını keçirməklə ölkəmizin dünyadakı təbliğatını daha da genişləndirəcək. Gələcəkdə idman tədqiqatçıları tarixə ekskurs etdikdə Avropa Oyunlarının vətəni kimi Azərbaycanın adını çəkəcək və ölkəmizlə maraqlanacaqlar.

  Müstəqilliyinin bərpasından 24 il keçməsinə baxmayaraq, Azərbaycan böyük uğurlar qazanıb. Azərbaycan həm də idman ölkəsi kimi dünyaya tanınıb və paytaxtımız həm də beynəlxalq idman yarışları keçirilən məkana çevrilib. Azərbaycan idman təşkilatçısı kimi xeyli təcrübə toplamış bir ölkə hesab olunur. Ona görə də Avropa Olimpiya Komitəsi Azərbaycanla bağlı qərar çıxararkən bütün cəhətlər nəzərə alınıb.

  Ölkəyə idman oyunlarının atmosferinin hakim kəsildiyi bu günlərdə hər bir Azərbaycan vətəndaşının üzərinə düşən mühüm vəzifələr var.

 
Bizlər mümkün qədər Avropa oyunları dövründə paytaxtımızda, cəmiyyət həyatında bir sıra neqativ halların aradan götürülməsinə çalışmalıyıq.

  Hər bir vətəndaşın mədəni davranışından tutmuş, ətrafdakıların da hər bir məsələdə yüksək mədəniyyət, xalqımıza məxsus qonaqpərvərlik, mehribançılıq, səmimiyyət kimi yüksək əxlaqi keyfiyyətlərimizi göstərmək vacib məsələdir.

  Təəssüf ki, əhalinin bir qismi bu tədbirdən bir xeyir götürmək, nəyin bahasına olursa-olsun kimlərdənsə bir şey qoparmaq arzusu ilə yaşayır. Az qala sərnişinləri zorla maşınına əyləşdirməyə çalışan, özünü dilənçi, çarəsiz bir məxluq kimi göstərən taksi sürücülərinə və digər bu kimi insanlara qarşı bütün cəmiyyətimiz mübarizə aparmalıdır.

  İctimai iaşə müəssisələrində, yeməkxanalarda, kafe-restoranlarda işləyənlər hər zaman şikayət olunan məsələlərlə bağlı, heç olmasa həmin günlərdə bir qədər məsuliyyətli-insaflı olsunlar. Keyfiyyətli xidmət və uyğun qiymət. "Əcnəbidir" deyib ölkəmizə qonaq gəlmiş insanlarda xalqımız, ölkəmiz haqqında mənfi rəy yaratmaq heç kəsin haqqı deyil.

 Avropa oyunları hər birimizə, xüsusilə paytaxt əhlinə məşhur şeirdə deyildiyi kimi 12-28 iyun tarixləri arasında Ana Torpaq uğrunda müsəlləh əsgər olma fürsəti verib. Gəlin, bu fürsəti layiqincə dəyərləndirək.

  İnanaq və ümid edək ki, dövlət və xalq olaraq, bu böyük idman bayramından üzüağ, şərəflə və Azərbaycan idmançılarının simasında böyük qələbə ilə çıxacağıq.

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj