İyunun 12-də başlayan Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçirilir: bunlardan 16-sı olimpiya, 4-ü isə qeyri-olimpiya idman növündədir. Yarışlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançı 17 yarış günündə öz qüvvələrini sınayacaqlar. İlk Avropa Oyunlarının açılışı Bakı Olimpiya Stadionunda axşam saatlarında baş tutacaq. Açılış mərasiminə bir sıra ölkənin dövlət başçısı və hökumət nümayəndəsi qatılacaq.
Əməkdar jurnalist Fikrət Adıgözəlov Modern.az saytına 1-ci Avropa Oyunlarının dünya idmanın inkişafına verəcəyi töhfədən danışıb.
O qeyd edib ki, bu cür yarışların keçirilməsində Avropa çox geri qalıb: “Avropanın bir çox ölkələrinin bu oyunları yüksək səviyyədə keçirmək imkanları olsa da, məsuliyyəti üzərlərinə götürməyiblər. Amma Azərbaycan bu yarışları keçirməklə Avropanın bütün ölkələrinə göstərdi ki, bizim qitəmiz öz idmançılarına qiymət verir. Ümumafrika, Asiya, Okenaniya oyunları keçirilirsə, niyə Avropa oyunları keçirilməsin?
Düşünürəm ki, bu oyunlar Olimpiya Oyunlarının bir hissəciyi kimi qitə idmanın inkişafına böyük təsir göstərəcək”.
Azərbaycan idmançılarının yarışlardakı uğurlarına gəlincə, əməkdar jurnalist idmançılarımızın ilk onluqda yer alacağına ümid edir: “Düşünürəm ki, Rusiya, Fransa, İtaliya, Böyük Britaniya, Almaniya kimi ölkələrin də qatıldığı yarışlarda ilk onluğa düşmək böyük uğur olar. Bakıda keçirildiyinə görə, əksəriyyət fikirləşir ki, ən güclü biz olmalıyıq. Amma məsələyə reallıqla yanaşmaq lazımdır. Adını çəkdiyim ölkələrin komandası əsas heyətlə Bakıya gəlib. Bu komandalarla mübarizə aparmaq asan olmayacaq. Nəzərə alsaq ki, Londonda keçirilən yarışlarda komanda heyətində Azərbaycan 15-ci yeri tutmuşdu, bu dəfə ilk onluğa, bəlkə də ilk altılığa düşmək mümkün ola bilər. Bu da bizim üçün çox böyük nailiyyət olacaq. Nəzərə alaq ki, burda tamaşaçıların da təsiri mühümdür.
Ayrı-ayrı yarışlara gəldikdə, düşünürəm ki, ölkəmiz cüdoda, güləşdə, boksda birinci yer uğrunda mübarizə aparmağa iddialıdır. Biz nailiyyətlərə ümid bəsləyirik”.
Gülşən RAUFQIZI