Modern.az

Vyetnam prezidenti səfirimizə Heydər Əliyevdən danışdı

Vyetnam prezidenti səfirimizə Heydər Əliyevdən danışdı

12 İyun 2015, 17:17


Ötən gün Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Vyetnam Prezidenti cənab Truong Tan Sangla görüşüb.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd bu ilin 13-15 may tarixlərində Vyetnam Prezidenti cənab Truong Tan Sangın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfərinin yekunlarına dair müzakirə aparmaq və gələcək perspektivlər barədə fikir mübadiləsi etmək olub.

Avropa ölkələrinə səfəri çərçivəsində Azərbaycanla yanaşı Rusiya və Çexiyaya həyata keçirdiyi səfərlərdən məmnun qalmış Vyetnam Prezidenti Azərbaycan, Rusiya və Çexiya səfirlərini şam yeməyinə dəvət edib.

Görüşdə həmçinin Vyetnam Xarici İşlər Nazirinin müavini, Kənd Təsərrüfatı Nazirinin müavini, Milli Müdafiə Nazirinin müavini, PetroVyetnam şirkəti və Vyetnam Hava Yolları şirkətinin rəhbərləri iştirak edib.

Görüş zamanı cənab Truong Tan Sang Azərbaycana rəsmi səfərinin uğurla həyata keçməsindən məmnunluğunu ifadə edib və səfərinin yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığının çatdırılmasını xahiş edib.

O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Vyetnamın ağır günlərində Sovet İttifaqının rəhbər şəxslərindən biri kimi bu ölkəyə yardım edilməsində müstəsna rolunun olduğunu vurğulayıb.

Prezident bu məsələ ilə bağlı Azərbaycanda səfərdə olarkən şəxsən özünün və Vyetnam xalqının dərin minnətdarlığını Prezident İlham Əliyevə çatdıra bilməməsindən heyfsləndiyini bildirib və yaxın gələcəkdə belə bir imkanın yaranacağına ümid etdiyini söyləyib.

Vyetnam Prezidenti Heydər Əliyevin bu xeyirxah əməlini heç zaman yaddan çıxarmayacaqlarını, bununla bağlı öz adından İlham Əliyevə təşəkkürünün çatdırılmasını xahiş edib.

 Vyetnam Prezidenti ölkəsinin Azərbaycanla qarşılıqlı əlaqələrinin inkişafından məmnunluq ifadə edib, Vyetnamın neft sənayesinin qurulmasında azərbaycanlı mütəxəssislərin müstəsna rolunun olduğunu vurğulayıb.

O, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişlənməsinin vacibliyini vurğulayaraq enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin xüsusi önəm daşıdığını bildirib.

 Truong Tan Sang ölkələrimiz arasında ticari-iqtisadi, turizm, humanitar sahələrdə əməkdaşlığın, o cümlədən xalqlar arasında əlaqələrin genişlənməsi üçün Azərbaycanla Vyetnam arasında birbaşa hava əlaqələrinin qurulmasının vacibliyini bildirib, bu məsələdə Azərbaycanın Dövlət Başçısı ilə həmfikir olduğunu vurğulayıb.

Görüşdə iştirak edən Vyetnam Hava Yolları şirkətinin prezidentinə bu istiqamətdə zəruri işlərin görülməsini tapşırıb.

Öz növbəsində səfir A.İmanov Azərbaycanla Vyetnam arasında ikitərəfli əlaqələrin inkişafı üçün Vyetnam Prezidenti tərəfindən göstərilən qayğı və diqqətə görə öz təşəkkürünü bildirib.

O, 1983-cü ildə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin Vyetnama həyata keçirdiyi səfər və bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfədən bəhs edib.

Səfir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18-19 may 2014-cü il tarixlərində Vyetnama və Vyetnam Prezidenti cənab Truong Tan Sangın 13-15 may 2015-ci il tarixlərində Azərbaycana həyata keçirdikləri səfərlərin ikitərəfli əlaqələrdə yeni səhifə açdığını, bütün sahələrdə qarşılıqlı əməkdaşlığın inkişafına güclü təkan verdiyini bildirib.

O, iki ölkə arasında energetika, kənd təsərrüfatı, turizm, elm və təhsil kimi sahələrdə qarşılıqlı əməkdaşlığın böyük potensialının olduğunu qeyd edib və ölkə başçılarının qarşılıqlı səfərləri zamanı əldə edilmiş razılaşmaların qısa zamanda həyata keçirilməsinin vacibliyini  vurğulayıb.

Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj