Modern.az

Avropa Oyunlarının açılışı qürur doğuracaq bir təqdimat oldu - Deputatlar

Avropa Oyunlarının açılışı qürur doğuracaq bir təqdimat oldu - Deputatlar

Parlament

13 İyun 2015, 12:01

İyunun 12-də Bakıda I Avropa Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

Bakı Olimpiya Stadionunda keçirilən açılış mərasiminə dünyanın müxtəlif ölkələrinin dövlət başçıları, idmançılar, xarici turistlər, Azərbaycan vətəndaşları qatılıblar. Mərasim Azərbaycanın xalq artisti Alim Qasımovun ifası ilə başlayıb. Modern.az saytı açılışla bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrənib.

Vahid Əhmədov:

“Dünən çox möhtəşəm bir açılış oldu. İstər dövlət başçısı, istərsə təşkilat komitəsi, istərsə də Gənclər və İdman Nazirliyi və digər qurumlar çox yüksək səviyyədə təşkilatı məsələləri həyata keçirmişdilər. Biz gözəl bir şounu seyr etdik. Tədbirin özünün keçirilməsi, vaxtı və havanın çox gözəl olması da əla oldu. Proqramın bütün incəlikləri, gözəllikləri və onun yüksək səviyyədə təşkili onu göstərdi ki, Azərbaycan belə tədbirləri keçirməyə layiqdir. Azərbaycan bu işləri bacaran bir dövlətdir”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı:

“O möhtəşəm açılışını izləmək mənə də qismət oldu. Açılış sözlə ifadə edilə bilməyəəck dərəcədə möhtəşəm idi. Düşünürəm ki, açılışdakı kompozisiyalar, bütövlükdə şounun əvvəlindən sonuna kimi onun həm idman, həm bədii, həm də sənət baxımdan tamamlayan proqramın təqdim olunması bütün azərbaycanlılarda qürur hissi doğurdu.

Sevincimizin həddi-hüdudu yoxdur. Həqiqətən, dünən açılışı birbaşa izləməyimə baxmayaraq, artıq 1 saatdan çoxdur televiziya ilə bir daha izləməkdən belə doymuram. Qürur doğuracaq bir təqdimat idi. Azərbaycan bütün dünyaya özünün mədəniyyətini, tarixini, böyük imkanlara malik olan bir ölkə olduğunu təqdim edə bildi.

Buna görə də hər birimiz cənab prezident İlham Əliyeva, bu işdə xüsusi rolu olan, böyük əziyyət çəkən, təşkilatçılıq istedadı ilə özünü bir daha təsdiq edən Mehriban xanıma təşəkkürümüzü bildiririk. Hər halda, dövlətimizi prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva bütün dünyaya bu müstəvidə yüksək səviyyədə təqdim edə bildilər.

Bu açılış mərasimini Avropanın ayrı-ayrı ölkə başçılarının, digər yüksək çinli şəxslərin birbaşa izləməyi bir daha onu sübut elədi ki, artıq Avropa ölkələrinin böyük əksəriyyəti bu oyunlara çox yüksək qiymət verir.

Onlar Bakıda keçirilən bu oyunları yüksək qiymətləndirir. Azərbaycan bir daha özünün gücünü, qüdrətini, böyük imkanlarını dünyaya təqdim edə bildi. Azərbaycan bu addımı ilə beynəlxalq aləmdə öz nüfuzunu artırdı”.  

Sevinc YASİNQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama