Çingiz Mustafayev Fondu, ANS Şirkətlər Qrupu və Gənclər üçün Təhsil Mərkəzi “Çingiz Mustafayevin 50 illiyinə” həsr olunmuş “Vətənpərvər kimdir?” adlı inşa müsabiqəsinə start verib/
Gənclər üçün Təhsil Mərkəzindən Modern.az-a verilən məlumata görə, əsas məqsədi məktəblilərin vətənpərvərliklə bağlı fikir və düşüncələrini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaq olan müsabiqə konkret məcburi köçkün orta məktəbləri arasında keçirilir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, Abşeron, Sumqayıt, Gəncə, Mingəçevir, Füzuli, Ağdam, Beyləqan və Ağcabədidə yerləşən məcburi köçkün orta məktəblərin 5-ci, 6-cı və 7-ci sinif şagirdləri qoşula bilərlər.
Sərbəst mövzularda inşaların qəbulunu nəzərdə tutan müsabiqə cari ilin noyabr ayının 1-nə qədər davam edəcək.
Bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə qiymətləndirilmə aparıldıqdan sonra, 26 noyabr 2010-cu ildə ANS Media və Yayım Şirkətində müsabiqənin qaliblərinin təqdimat mərasimi keçiriləcək.
Müsabiqənin nəticəsində hər sinif üzrə 1-ci yerləri tutmuş şagirdlərə video kamera, 2-ci yerlərə fotoaparat və 3-cü yeri tutmuş şagirdlərə qol saatı hədiyyə veriləcək. Bundan əlavə hər sinif üzrə həvəsləndirici 7 nominanta da diplom və hədiyyələr təqdim olunacaqr.
İnşalar Gənclər üçün Təhsil Mərkəzinin Bakı şəhərindəki ofisində qəbul olunacaq.
Modern.az