Modern.az

Zaqatalanın 3 kəndinə su verildi - FOTO

Zaqatalanın 3 kəndinə su verildi - FOTO

16 İyun 2015, 16:34


Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq  içməli su çatışmazlığının  müşahidə edildiyi ucqar dağ kəndlərinin su təchizatının yaxşılaşdırılması layihələrinin icrası davam etdirilir.

Modern.az xəbər verir ki, “Azərsu” ASC-nin həyata keçirdiyi layihə çərçivəsində Zaqatala rayonunun  Əlibayramlı, Muğanlı və Üçüncü Tala (Dombabinə) kəndlərinin içməli su təchizatı yaxşılaşdırılıb. 

Zaqatala rayonunun Əlibayramlı, Muğanlı və Üçüncü Tala kəndlərində su təchizatı sistemi olsa da, artezian quyusunun istismara yararsız vəziyyətə düşdüyündən kəndlərin içməli su ilə təminatında çətinliklər yaranIB.

Bu kəndləri  dayanıqlı içməli su ilə təmin etmək üçün   rayonun Əlibayramlı kəndi ərazisində yeni artezian quyusu qazılmışdır. Yeni arteziandan çıxarılan su mövcud magistral su xətti ilə  Əlibayramlı, Muğanlı və Üçüncü Tala kəndlərinə ötürülür. Su mənbəyində mövcud bulaq əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilİB. Layihənin icrası nəticəsində Əlibayramlı kəndində 3051, Üçüncü Talada 1844, Muğanlı kəndində 2787, ümumilikdə 7682 nəfərin içməli su təchizatı  yaxşılaşdırılıb. 

Zaqatala rayonunun Əlibayramlı kəndində yeni subartezian quyusunun istismara verilməsi ilə bağlı təşkil olunmuş tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Tofiq Əhmədov layihənin əhəmiyyətindən danışmış, göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib. 

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun birinci müavini  Vəli Həsənov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən layihələr barədə məlumat vermiş və bu tədbirlərin  gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırmışdır: “Möhtərəm Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq layihələrin icrası davam etdirilir. Zaqatala rayonunun Əlibayramlı kəndində  yeni subartezian quyusunun istismara verilməsi nəticəsində Muğanlı, Əlibayramlı və Üçüncü Tala kəndlərinin içməli su təchizatı daha da yaxşılaşacaq. Layihə çərçivəsində Əlibayramlı kəndindəki  bulaq da əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib”. 

Tədbirdə çıxış edən kənd sakinləri əvvəllər içməli su təchizatında çətinliklərin olduğunu xatırlatmış, yeni layihənin icrası nəticəsində bu problemin həll edildiyini diqqətə çatdırıblar. 

“Azərsu” ASC  hazırda Zaqatala şəhəri ilə yanaşı,  rayonun Əlibayramlı, Muğanlı və Üçüncü Tala kəndləri də daxil olmaqla 9 kənd yaşayış məntəqəsinə xidmət göstərir.  

 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı