Artıq Azərbaycan Avropanın idman hərəkatında yeni tarix yazmaqdadır. Demək olar ki, bu yazılı salnamə Birinci Avropa Oyunlarının açılış mərasimi ilə tarixə qovuşmuş oldu. Bununla da Azərbaycan Avropa qitəsində heç vaxt mövcud olmayan idman yarışlarının əsasını qoydu. Baxmayaraq ki, ilk Olimpiada Oyunları öz məşəlini Avropadan götürür, amma indiyə qədər bu qitənin öz idman yarışı olmayıb. Məhz Azərbaycan bu məsuliyyəti öz üzərinə götürərək qitənin yeni idman yarışmasını reallaşdırdı. Beləliklə, bir neçə ildir ki, beynəlxalq humanitar forumlara evsahibliyi etməklə dünyada tolerantlıq və sülh carçısı kimi çıxış edən Azərbaycan iyunun 12-də dünya tarixində yeni bir ilkə imza atdı. Bu, Avropa qitəsində ilk dəfə keçirilən, çox ölkələrin məsuliyyətin altına girməyə cəsarət etmədiyi birinci Avropa Oyunlarıdır. Hələ də dünya Azərbaycanda I Avropa Oyunlarının açılışından danışır.
Millət vəkili Fərəc Quliyev I Avropa Oyunlarını mötəbər bir tədbir adlandırıb: "Məhz bu oyunlara görə Azərbaycana 6 min idmançı gəlib, yarışlarda iştirak edirlər. Onlar həm də informatordurlar. 40-dan çox ölkə iştirak edir, 1000-dən çox jurnalist ölkəmizə gəlib. Bir çox ölkələrin televiziyaları oyunları canlı yayımladı. Bunlar həm də Azərbaycan haqqında informasiyaların beynəlxalq aləmə çatdırılması baxımından önəmlidir”.
F.Quliyev açılış mərasiminin çox möhtəşəm keçirildiyini də xüsusi vurğulayıb: "Əsasən də o göstərilənlərin fəlsəfəsi məni daha çox maraqlandırdı. Burada Azərbaycan mədəniyyətinin, azərbaycançılıq ideyalarının təbliğ olunması, Şərq və Qərb fəlsəfəsinin sintezi və sair əks edildi, gözəl bir açılış mərasimi oldu. İdmançılarımız da çox yaxşı başladılar, ilk gündə ən çox medalı Azərbaycan qazandı və inanıram ki, belə də davam edəcək. Bu, həm bu gün, həm də gələcəkdə ölkəmizin informasiya blokadalarını yarmasında əhəmiyyətli rol oynayacaq. Bu ərəfədə təşkilatçılar çalışmalıdır ki, ölkəmiz haqqında daha çox məlumatlar versinlər, insanları müxtəlif bölgələrə turist kimi aparsınlar. Ölkəmiz haqqında kitabçalar, broşurlar paylasınlar. Bu oyunlardan ölkəmizin təbliği üçün də maksimum səviyyədə istifadə etmək lazımdır”.