Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunub təhsili müəyyən səbəblərdən yarımçıq qalmış şəxslərin arxivdə aşkar olunmuş attestatlarının Təhsil Nazirliyi tərəfindən qaytarılması prosesi davam edir.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, müvafiq siyahıda adı olan şəxslərdən 16 iyun 2015-ci il tarixinə qədər Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) zəng edərək qeydiyyatdan keçmiş 404 nəfərdən 243-ü sənədlərini geri alıb.
Qeyd edək ki, qeydiyyatdan keçmiş vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə (digər şəxslər etibarnamə əsasında) hər həftənin çərşənbə axşamı və çərşənbə günləri Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edərək, müvafiq sənədlərini geri ala bilərlər.
Yeganə OQTAYQIZI