"Yeni Azərbaycan" qəzeti 5 may-6 iyun tarixləri arasında oxucular arasında "Bakı-2015" ilk Avropa Oyunlarına həsr olunmuş müsabiqə keçirib. Müsabiqənin sualları qəzetdə və qəzetin elektron variantında dərc edilib. Hər dəfə qoyulmuş 2 sualı ən tez cavablandıran iki oxucu qalib elan edilərək ilk Avropa Oyunları çərçivəsində keçirilən yarışlardan birinin finalına bilet qazanıb. Toplamda 10 oxucu qalib olub.
Modern.az xəbər verir ki, bu gün müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. Qeyd edək ki, biletlərin ikisi üzrə final yarışları daha tez olduğu üçün iki qalib öncədən mükafatlandırılıb.
Tədbirdə çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, hər bir insan belə bir möhtəşəm açılış mərasimini gözləyirdi: "Amma belə əfsanəvi, nağılabənzər olacağını heç kəs gözləmirdi. İnsanlar, sözün həqiqi mənasında, təəccüb keçirdilər, heyran oldular. Bu heyranlıq açılış mərasimini canlı izləyən hər bir azərbaycanlının, xarici qonağın gözlərindən oxunurdu. Hər bir Azərbaycan vətəndaşı bu mənzərədən qürur duydu. Hər dəfə səhnədə quraşdırılan dekorasiya dəyişdiriləndə yeni bir möcüzə gözləyirdik. Azərbaycanın nə qədər qədim keçmişə, tarixə malik olduğu açılış mərasimində dünyaya təqdim olundu".
Baş redaktor deyib ki, açılış mərasimində həm yüksək ağıl-intellekt, həm də xalqa sevgi var idi: "Bu anları yaşatdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya təşəkkür edirik. Hesab edirəm ki, bu anlar hələ uzun müddət insanların canlı yaddaşında yaşayacaq və Azərbaycanın şanlı tarix səhifələrindən biri kimi yadda qalacaq".
Onun sözlərinə görə, ilk Avropa Oyunları ərəfəsində medianın və ictimai institutların fəaliyyəti və roluna xüsusi toxunmaq lazımdır. Bu istiqamətdə həm müxtəlif ictimai institutlar, həm də vətəndaş kimi ayrı-ayrı fərdlər öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir, bu prosesə öz töhfələrini verməyə çalışırlar: "Beləliklə, bu mötəbər beynəlxalq idman hadisəsinin əhəmiyyətini nəzərə alaraq biz də "Yeni Azərbaycan" qəzeti olaraq oxucular arasında müsabiqə təşkil etdik: "Azərbaycanın idman tarixi və ilk Avropa Oyunları ilə bağlı dərc edilən suallara doğru və operativ cavab verən oxucularımız ilk Avropa Oyunlarının final oyunlarından birinə bilet qazandılar. Bütün iştirakçıları və qalibləri təbrik edirik".
Daha sonra "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisinin rəhbəri Əli Pənahov qaliblərə biletləri təqdim ediblər.
Modern.az