Modern.az

“Daha 3-4 qızıl medal qazanacağıq” - Avropa Oyunları ilə bağlı YENİ PROQNOZLAR

“Daha 3-4 qızıl medal qazanacağıq” - Avropa Oyunları ilə bağlı YENİ PROQNOZLAR

17 İyun 2015, 11:02


İyunun 12-dən Bakıda I Avropa Oyunlarına start verilib. Oyunlara 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı qatılıb.

Bu vaxta qədər 291 idmançı ilə təmsil olunan Azərbaycanın aktivinə 8 qızıl, 3 gümüş, 8 bürünc medal yazdırıb. Üstünlük əsasən karate və güləş idman növünü əhatə edir. Görəsən,  digər idman növləri barədə hansı proqnozu vermək olar? Hansı idman növündən medal gözləmək olar? Modern.az saytı idman yazarlarının proqnozlarını öyrənib.

“Qol.az saytının redaktoru Aydın Bağırov:

- Karate və güləş yarışlarından medalın çox olacağı gözlənilən idi. Ümumiyyətlə, güləşin hər iki növündə çıxış edən idmançılar təkcə "Bakı-2015"də deyil, ölkəmizin iştirak etdiyi bütün Yay Olimpiya Oyunlarında Azərbaycana medal qazandırıb. Yəni həm güləş, həm də karate ilə bağlı proqnozlar özünü doğruldub. Nəzərə alaq ki, kişilərdən ibarət sərbəst güləş millimiz mübarizəyə hələ bu gün başlayıb, o zaman güləşdə medalların sayının daha çox olacağının ehtimal etmək olar. Ümumilikdə, bundan sonra Azərbaycan millisinin sambo, boks və cüdo yarışlarında da medal qazanacağını gözləyirəm. Yeri gəlmişkən, milli komandamızın medal sayına görə komanda hesabında indiki halda ikinci olması məni yaxşı mənada təəccübləndirdi. Düzü, komandamızın ilk beşlikdə qərarlaşacağını gözləyirdim. Amma gediş onu göstərir ki, millimiz yekun nəticədə I Avropa Oyunlarını komanda hesabında ya ikinci, da üçüncü yerdə tamamlayacaq. Birinci yeri isə gözlənildiyi kimi Rusiya komandası tutacaq.

“ATV idman” proqramının redaktoru İlkin Xəlilov:

- I Avropa Oyunlarından öncə daha çox medalın fərdi idman növlərində əldə olunacağı gözlənilirdi. Hələ ki yarışlar öncəsi proqnoz özün doğruldub. İlk olaraq kareteçilər, daha sonra güləşçilər ölkəmizə qızıl medal qazandırdı. Hələ mübarizəyə sərbəst güləşçilər qoşulmayıb. Bu idman növündən də ən azı 3-4 qızıl medal gözləyirəm. Əminəm ki, sambo və sərbəst güləş idman növlərindən də aktivimizə medallar yazıla bilər. Avarçəkənlər də ölkəmizə gümüş medal qazandırdı. Qarşıdakı günlərdə boks idman növündə əlavə heyətdə Məhəmmədrəsul Məcidov kimi ikiqat dünya çempionumuz yarışacaq. Məhəmmədrəsul Məcidovla yanaşı, digər boksçularımıza da böyük inamım var. Komanda idman növlərində qadınlardan ibarət voleybol və çimərlik voleybol komandasından da medallar gözləyirəm.
Düzdür, bu idman növlərində qəti çempionluq haqqında danışmaq çətindir, amma ən azı bu idman növlərində bürünc medala ümid edirəm. Çimərlik voleybol komandası ümidləri doğruldur. Artıq onlar ilk görüşü qələbə ilə başa vurublar.

“Apasport.az” saytının əməkdaşı Zaur Xudiyev:

- Əslində, idmançılarımızın karate və güləşdə bu qədər uğurlu olacağı gözlənilən idi. Ümumiyyətlə, təkbətək döyüş növlərində hər zaman şansımız yüksək olub. Düşünürəm ki, yarışların növbəti günlərində boks, taekvondo və sərbəst güləşdə növbəti medalları aktivimizə yaza bilərik.

“Report" İnformasiya Agentliyinin əməkdaşı Rövşən Əhlimanoğlu:

- Təbii ki, karateçilərimizin qazandığı dörd qızıl və iki gümüş medal təqdirəlayiqdir. Güləş yarışları davam etdiyindən hələ bir neçə medalın da aktivimizə yazılacağına inanıram. Bundan başqa, taekvondoçularımızdan ən azı bir qızıl medal gözləyirəm. Bu siyahıya boks və cudonu da əlavə etsək, oyunların sonunda medal siyahısında ilk üçlükdə olacağımızı demək mümkündür. Ümumilikdə bütün idman növlərindən medal qazansaq, bu çox sevindirici olardı. Ancaq idmanda bəxt amili də böyük rol oynayır. Bu səbəbdən dəqiq rəqəm demək çox çətindir.

Yeganə OQTAYQIZI

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı