Modern.az

Dağlardan güc alan insanın hekayəti

  Dağlardan güc alan insanın hekayəti

17 İyun 2015, 09:40

İnsan dünyaya göz açandan daim ucalıq arzusunda olur. Bu baxımdan ilk qədəmlərini atandan dağlarla göz-gözə qalanların bəxti həqiqətən gətirir. Belələrini çox vaxt el arasında “dağlar oğlu”,”dağlar qızı” deyə çağırırlar. Doğrudan da, qismətinə dağlardan dərs almaq imkanı düşən insanlar çox xoşbəxtdirlər. Əhməd müəllim də belə bəxti sayalı insanlardandır. O, ta körpəlikdən dağları könlünə, yaddaşına köçürdü. Arzuları o qədər böyük idi ki, heç cür kiçicik köksünə sığmırdı.Azacıq çətinliyə düşən kimi dağlara sarı boylanır, təbiətə pəhan aparırdı. Dağlarsa həmişə insanların mənəvi söykənəcəyi olub. Beləcə, Əhməd müəllim  dağlardan güc alan xoşbəxt bir ömür yaşadı.  O, sidqi-könüldən və şüurlu şəkildə dağları bağrına basmağı bacaranların yerinin Tanrı yanında uca olduğu həqiqətini ağlı kəsməyə başlayandan anlamışdı. Əhməd müəllim yaxşı bilir ki, dağlar ta yaranışdan türklərə həmişə arxa, dayaq olub.

Bu gün də onun qarası mayaka bənzər gözlərindən əsl təbiəti, növbə ilə doğulub boya-başa çatdığı yerlərin bütün fəsillərini sezməmək mümkün deyil. İstənilən an onun nüfuzedici baxışlarına diqqət kəsilsən, yüz arxın suyunu bir yerə calayan, neçə-neçə kəndi bağrına basan dağlar, azman qayalar, zümzümə tutaraq şırıltısı ilə lay-lay çalan bulaqlar, şaqraq şəlalələr, yamyaşıl meşələr, baş alıb örüşə yollanan naxır və sürülərin heyrətamiz mənzərəsinin şahidi olarsan. Fərq etməz, istər yayın cırhacırında nəfəsin təngiyəndə, istər  qışın sazağında soyuq iliyinə işləyəndə,  istərsə də baharın fırçasından çıxan nəfis reallıqlarla üz-üzə qalanda və ya qızılı payızın sirri-sehri səni üstələyəndə təbiət adlı möcüzədən doymaq olmur ki, olmur.

Əhməd müəllimin duruşundan bizim dağların təbiətinə xas əzəmət, vüqar, ucalıq, qısası şax-şuxluq bir an da olsun əskilməyib. Yəqinki, bu da, ayağı yer tutandan, ağlı kəsəndən onun təbiətlə, xüsusilə, dağlarla halalcasına dostluq etməyi bacarmasından irəli gəlir. Bu baxımdan bolluca xoşbəxtliyə qovuşmaq üçün onun tez-tez dağları doğma övladları kimi bağrına basdığına heç şəkk gətirməyə yer də qalmır. Paytaxtda yaşadığı uzun illər ərzində doğma yurda aparan yolların kələfini dəfələrlə yumaqlasa da, gözü-könlü daim oralardadır.

Bu danılmaz məntiqdir ki, iri şəhərlərdə yaşayanlardan fərqli olaraq bölgələrdə xoruz banı ilə dünyaya göz açanların qisməti daha üstündür. Əksər vaxtlarda paytaxtda atını dördnala çapan xəzri və ya bəzən günlərlə bizdən qaçan gilavardan qurtulub təkrarsız təbiətə malik ellərimizə yan almaq istəyi keçir qəlblərimizdən. Yayda Bakının təndiri cızzağımızı çıxaranda, hətta, qış qılıncını sıyıranda da ilk yadımıza düşən əsrarəngiz təbitinə heyran qaldığımız regionlarımız olur. Bir bulud əlçimi, ya da bir əsim meh qismətinə düşəndə, onda qala, elə bil, yerə borcu var deyə göylər aramsız yağış döşəyəndə yaşadıqca, yaşamaq istəyirsən.

Yayın istisindən qurtulub dağların köksündə qərar tutan dopdoğma məkanlarımıza sığındıqda bulaqlara, çeşmələrə səcdə qılıb göz yaşı tək tər-təmiz sudan içdikcə, təbii ki, ətri insanı bihuş edən təndir çörəyini, ləziz dürməyi, milli mətbəximizin təkrarsız təamlarını gözünə təpirsən, yediyin-içdiyin də canına sinir. Rəngarəng təbiətlə bütünləşdiyin həmin anlarda başda ağaclar olmaqla bütün bitkilər, xüsusilə, güllər, çiçəklər sənə nə qədər doğma gəlir. Quşların ilk baxışdan çox sadə görünən bəstələrinin ən mükəmməl klassik əsərləri belə kölgədə qoyduğunun mahiyyətinə varırsan. Belə məqamlarda, hətta, sənə aman verməyən arılar, cücülər, növbənöv həşəratlara da maksimum həssaslıqla yanaşırsan.

Dağlar qoynunda məskən salanlar  üçün, yəqinki, bütün bunlar adi mənzərələrdir. İri şəhərlərdə yaşayanlar üçünsə bu ələdüşməz fürsətdir. Eləki, arada bir belə  mənzərələrin canlı şahidi olmaq qismətinə düşür, duyğu seli səni basır, bitib-tükənməz nağıllar aləminə qovuşursan, fəlsəfi düşüncələrin qanadında göylərə millənirsən. Saflaşırsan, arınırsan, nəhayətdə, müvəqqəti də olsa, daxili dünyanda qəribə bir sakitlik tapıb ona sığınırsan. Elə bili ki, həmin anlarda Ulu Yaradana dağlar qədər yaxınlaşırsan, məhz dağlar kimi sən də paklaşırsan. Belə məqamlara tez-tez qovuşmaq istəyindən dağların fəlsəfəsini tam mənimsəyən Əhməd müəllim kimi insanlardan daha çox görüb-götürməyin vacibliyi həqiqətilə üz-üzə qalırsan. İzaha belə ehtiyac duyulmur, axı, zirvələri əlyetməz dağlar ucalığına yüksəlmək nə hər kəsə nəsib olmur, nə də hər kəsin yetə biləcəyi hədəf deyil!!!  Beləcə, inandın-inanmadın, təbiətlə insanın əkizliyi həqiqətilə bir daha üz-üzə qalırsan. 

Əslində, canlı təbiətin də onu qədərincə duyanlara, dərk edənlərə kəskin ehtiyacı var. Bu baxımdan, şübhəsiz ki, həmişə yollara boylanan dağlar da, doğulub boya-başa çatdığı həyət-baca da daim Əhməd müəllimin intizarındadır, onların umu-küsüləri ara vermir. Çoxminli  kollektivə rəhbərlik edən  bu insanın dağlara sığınan azman qayalar böyüklüyündə ürəyi var. Dağlardan görüb-götürən Əhməd müəllim başçılıq etdiyi kollektivin hər bir üzvünə qarşı da maksimum həssasdır. Bütün qərarlarında ədaləti və böyük məntiqləri əsas götürərək yüz ölçüb, bir biçəndir. Ona müraciət edən kimsədən tövsiyyə və təkliflərini, mənəvi dəstəyini əsirgəməz. Dağlar tək təvazökardır və allahsızlıqdan uzaqdır.

O, nə yaxınlarının, nə də özünün xəbəri olmadan artıq özü bir uca dağdır!!! Bu isə bənzətmə deyil, əsl həqiqətdir. Bir sözlə, şüurlu surətdə dağlardan güc alan ömür yolu seçmək Tanrının verdiyi bu əvəzolunmaz şansı qədərincə dəyərləndirmək deməkdir. Təəssüf doğuran isə odur ki, heç də hamının taleyinə  dağlar qoynunda dünyaya göz açmaq qisməti düşmür. İlk baxışdan bu haqsızlıq kimi görünsə də, amma şükür Tanrının kəramətinə,bəlkə də, belə olsaydı, ucalıq və paklıq timsalı sayılan dağlarla adicə təpələrin dəyərində elə bir fərq qalmazdı...

P.S: Mən, 20 illik dostum Əhməd Əhmədzadə ilə hər görüşümdə dağların nə qədər uca və pak olduğunu Bakıdan da duya bilirəm. Bu, böyük insandan möhtəşəm dağ əzəməti bir an da olsun əskilmir...  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı