“Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” İctimai Birliyinin sədri Emin Hüseynov 10 aydan çox sığındığı İsveçrənin Azərbaycandakı səfirliyinin binasından iyunun 14-də çıxarılıb və İsveçrə Xarici İşlər Nazirliyinin yüksək rütbəli diplomatı Didye Burkhalterin təyyarəsi ilə ölkədən aparılıb.
Hazırda Emin Hüseynov Berndədir. İsveçrədə qalmaq üçün sentyabr ayına qədər vizası var və vizanın müddəti başa çatdıqdan sonra bu ölkədən siyasi sığınacaq almaq üçün müraciət etmək hüququna malikdir.
Baş Prokurorluq Emin Hüseynov barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunub. Onun barəsində məhkəmənin 19 avqust 2014-cü il qərarı ilə həbs qətimkan tədbiri seçilərək, axtarış elan edilib.
Xarici İşlər Nazirliyinin məlumatına əsasən araşdırmalar nəticəsində Emin Hüseynovun qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 1 575 956 manat məbləğində külli miqdarda gəlir əldə etdiyi və dövlət büdcəsinə ödənilməli olan 247 551 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən yayındığı müəyyən edilib.
Emin Hüseynov getdi, bəs cinayət işi nə oldu? Modern.az saytı məsələyə hüquq müdafiəçisi, deputat Çingiz Qənizadənin fikirlərini öyrənib.
O bildirib ki, belə olan vəziyyətdə cinayət işi dayandırılır: “Təqsirləndirilən şəxsin öz iştirakı olmadan da istintaq bir müddət aparıla bilər. Əgər şəxsin iştirakı vacibdirsə, onda bu cinayət işinin cinayət təqibi müvəqqəti olaraq dayandırılır. Yəni şəxs tapılıb istintaqa təhvil verilənə qədər. Yox, əgər istintaqı Emin Hüseynovsuz aparmaq mümkündürsə, rəsmi sənədlərlə, şahid ifadələri, eləcə də rəhbəri olduğu təşkilat nümayəndələrinin ifadələri ilə cinayət işini tam obyektiv aparmaq mümkündürsə, onda cinayət işi dayanmır və məhkəməyə verilir. Məhkəmə də barəsində qiyabi hökm çıxarda bilər. İstintaq orqanları daha yaxşı bilir ki, bu istintaq Emin Hüseynovun iştirakı ilə başa çatdırıla bilər, yoxsa yox.
Adətən, təqsirləndirilən şəxslərin istintaqda iştirakı vacib olur. Onların dindirilməsi, müəyyən istintaq hərəkətləri ilə üzləşdirilməsi ola bilər. Bu baxımdan ittiham elan olunmuş şəxsin istintaqda iştirakı obyektivlik üçün çox böyük zəmin yaradır”.
Qiyabi hökm çıxarıldığı təqdirdə İsveçrə hökuməti ilə danışıqlar aparıb Emin Hüseynovun geri qaytarılması gündəmə gələ bilərmi?
Çingiz Qənizadə bildirib ki, əgər ekstradisiya haqqında İsveçrə ilə Azərbaycan arasında müqavilə varsa, onlar Emin Hüseynovu Azərbaycana təhvil verə bilərlər: “Amma onlar hər bir məsələdə olduğu kimi, bu məsələdə də siyasi çalarlar axtaracaqlar. Buna görə də Emin Hüseynovun Azərbaycana verilməsi prosesinin müsbət həll olunmasını görmürəm. Çünki onlar məsələni siyasiləşdirdiyi üçün Emin Hüseynovu İsveçrə səfirliyində 10 aydan artıq müddətdə gizlədib, sonra da hansısa yolla ölkədən çıxarıblar. Bu məsələ onlar tərəfindən siyasi dəyərləndirilə bilər. Amma əslində burda siyasiləşəcək hal yoxdur. Burda mühasibatlıq, qrant müqavilələri haqqında qanunun tələbləri pozulub və vergidən yayınma halları var. Qanun hamı üçün eynidir”.
Yeganə OQTAYQIZI