Modern.az

İş yerini dəyişən müəllimlərin imtahan nəticələri açıqlandı

İş yerini dəyişən müəllimlərin imtahan nəticələri açıqlandı

17 İyun 2015, 16:35


Ümumi təhsil müəssisələri və peşə liseylərində müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə keçirilən test imtahanından elektron ərizə qəbul olan 1308 nəfərdən  197-i uğurlu nəticə əldə edib”. Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov deyib. O qeyd edib ki, test mərəhləsində iştirak edən müəllimlərdən 57-si Bakı şəhərinə öz iş yerlərini dəyişiblər.

“Sevindirici haldır ki, iş yerini dəyişmək istəyənlərin əksəriyyəti regionlara meyilli olublar. Bir daha qeyd etmək istərdim  ki, həmin iş yerini dəyişən insanların arasından Bakı şəhərindən regionlara gedənlərə də təsdüf edilmişdi ki, bu da əlbəttə yaxşı tendensiya kimi digər müəllimlər üçün də nümunə ola bilər. Həmin müəllimlərlə müsahibəni təşkil etdik. Onlar artıq öz şəxsi səhifələrində məlumat əldə ediblər ki, hansı məktəblərə qəbul ediliblər və növbəti dərs ilindən yeni məktəblərdə öz fəaliyyətlərini davam etdirəcəklər”.

Şöbə müdiri vurğulayıb ki, yerdəyişmə üzrə müsbaiqədə daha çox müəllimlər Qax, Salyan, Şamaxı, Şəmkir rayonuna gediblər.

“Gənc mütəxəssislər həvəsləndirmə yerləri tətbiq olunan yerlərdən iş yerlərini yenə də həvəsləndirmə tətbiq olunan yerə dəyişiblərsə, onlar bu eyni məvacibi alırlar.

F.Qədirov hazırda boş qalan vakansiyaları təhlil etdiklərini bildirib.

“Növbəti addım ondan ibarətdir ki, hazırda vakansiyaları təhlil edirik. Hansı vakant yerlər tutulubsa, onları siyahıdan çıxarıdırıq, yeni vakansiyalar yaranıbsa onları təhlil edirik. İyul ayının 1-dən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə başlayacağıq və vakant yerləri həmin zaman elan ediləcək. Iyulun 15-ə qədər elektron ərizələrin qəbulu aparılacaq, sonra müsahibənin digər mərhələlərinə başlayacağıq”.

Şöbə müdiri bu il yerdəyişmə üzrə müraciət edən müəllimlərin sayının əvvəlki ildən iki dəfə çox olduğunu da vurğulayıb.

Qeyd edək ki, ümumi təhsil müəssisələri və peşə liseylərində müəllimlərin iş yerinin dəyişdirilməsi üçün elektron ərizə qəbulu dövründə müraciət edən 3283 nəfər vətəndaşdan 1308 nəfərin (40%) ərizəsi qəbul olunub. Onlardan 1245 nəfər (95%) Azərbaycan bölməsi, 63 (5%) nəfəri rus bölməsi üzrə müraciət edib. Ərizəsi qəbul olunanların əksəriyyəti (68%) İbtidai sinif (21%), Azərbaycan dili və ədəbiyyat (15%), Riyaziyyat (12%), Tarix (11%) və İngilis dili (9%) müəllimləridir.

Ərizəsi ləğv edilənlər ümumtəhsil sistemində işləməyənlər, ümumtəhsil müəssisələrində müəllim vəzifəsində çalışmayan və ya müddətli müqavilə əsasında müəllim işləyən, həmçinin hazırda çalışdığı yerdə həvəsləndirmə tədbirləri tətbiq edilənlərdir.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı