“İyul ayının 11-i Həsənin vurulduğu gündür. Təbii ki, həmin gün qohumlar, dostlar, onu sevənlər toplaşaraq Həsəni anacaqlar. İldönümü kimi vətəndə dəfn olunduğu oktyabrın 4-nü qeyd edəcəyik”. Bu haqda Modern.az saytına ötən ilin yayında ermənilər tərəfindən Qarabağda öldürülən Cəbrayıl rayon sakini Həsən Həsənovun qardaşı Nail Həsənov məlumat verib.
O, qardaşı barədə xatirələrini də bölüşüb: “Ötən il iyunun 18-də Həsən gəldi, bir yerdə yemək yedik, amma bircə kəlmə də hara getdiyini demədi. Sonra bir-bir hamımızla sağollaşdı, halallaşdı. Biz onun Kəlbəcərə gedəcəyini bilmədik, elə bilirdik Türkiyəyə gedir. O bilirdi ki, mən xəbər tutsam, getməyə qoymayacağam, ona görə də gizli saxlayırdı. Sonradan məlum oldu ki, iyunun 19-da o tərəfə gedib.
Dilqəm və Şahbazla harada, necə görüşüb, necə gediblər, ondan xəbərsizik. Bizimlə sağollaşıb ayrılandan sonra qardaşım Rüfətə zəng vurub deyib ki, “Qardaş, gedirəm. 15-20 günə gələcəyəm, övladlarımdan muğayat ol”. Həsən getdikdən 3-4 gün sonra Rüfət bizə bu barədə məlumat verəndə artıq gec idi. Çünki Həsən bir daha geri qayıtmayacaqdı...”.
Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şaplar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. Girov götürülərkən onlarla bir yerdə olan Həsən Həsənov öldürülüb, onun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub.
Gülşən RAUFQIZI