Modern.az

Bank sektorunun əsas problemi nədir? –Ekspertdən AÇIQLAMA

Bank sektorunun əsas problemi nədir? –Ekspertdən AÇIQLAMA

18 İyun 2015, 14:23

 

“Hazırda kommersiya bankları vətəndaşların kreditə olan tələbatına uyğun olaraq kredit portfelini müəyyən qədər şaxələndirməyə çalışır. İyun ayından başlayaraq kommersiya banklarının əksəriyyətində milli valyuta ilə kreditlər təklif edilir. Bu isə vətəndaşların kreditə olan tələbatlarının ödənilməsinə müsbət təsir göstərir”. Bu haqda Modern.az saytına İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Bayramov məlumat verib.

O deyib ki, manat devalvasiyaya uğradıqdan sonra vətəndaşlar arasında xarici valyuta ilə olan kreditlərə tələb müəyyən qədər aşağı düşüb: “Vətəndaş riskləri sığortalamaq üçün krediti xarici valyuta ilə deyil, manatla götürməyə maraqlıdır. Vətəndaşlara valyuta baxımından seçim imkanı verilməsi pozitiv dəyişiklikdir”.

İqtisadçı onu da bildirib ki, problemli kreditlərin həcmi yenə yüksək olaraq qalmaqdadır: “Manatın devalvasiyasından sonra dollarla götürülən kreditlərin ödənilməsində çətinliklər var, bu da bütövlükdə problemli kreditlərin həcminin artmasına və ilk dəfə 1 milyard manatı keçməsinə səbəb oldu.

Ona görə problemli kreditlər bank sektorunun əsas problemi olaraq qalmaqdadır. Əsas çətinlik manatın devalvasiyasından əvvəl xarici valyuta ilə götürülən kreditlərin ödənilməsindədir. Çünki bu aylıq ödənişlərin artmasına səbəb olub”.

İstehlakçıların kommersiya banklarından 5-10 min manat həcmində kredit götürməsi məhdudlaşıb. İstehlakçı hansı banka üz tutursa, 2 min manatdan yuxarı məbləğdə kredit verilmir. Bəs bunun səbəbi nədir?

 Vüqar Bayramov problemin səbəbini belə izah edib: “2014-cü ildən başlayaraq istehlak kreditləşməsinin Mərkəzi Bank tərəfindən məhdudlaşdırılması müşahidə edilməkdədir. Mərkəzi Bank çalışır ki, kommersiya bankları sərmayəni daha çox real sektora yatırsınlar.

Bu əslində Mərkəzi Bankın tövsiyəsi ilə kommersiya bankları tərəfindən istehlak kreditlərinin azaldılması və ya məhdudlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlədir.

Birmənalı şəkildə real sektorun dəstəklənməsi lazım olsa belə, ödəmə qabiliyyəti olan vətəndaşlarımıza istehlak kreditlərinin tələb olunan məbləğdə ödənilməsi vacibdir. Hələ ki kommersiya bankları öz risklərini sığortalamaq üçün böyük məbləğdə kredit verməkdə maraqlı deyillər”.  

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama