Modern.az

“AŞPA-nın yay sessiyasında söyləyəcək tutarlı faktlarımız var”

“AŞPA-nın yay sessiyasında söyləyəcək tutarlı faktlarımız var”

18 İyun 2015, 14:47


İyunun 22-dən 26-na kimi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclası keçiriləcək. İclasda Azərbaycandakı insan haqları məsələsi də müzakirə olunacaq.

AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa Modern.az saytına deyib ki, Azərbaycana qarşı dəfələrlə belə qərəzli münasibətlər səslənib: “Ona görə də Azərbaycan onlara qarşı mövqe qoyur. Bizim əlimizdə kifayət qədər əsaslar var.

Konkret olaraq insan haqları və bəzi şəxslərin tutulması ilə bağlı məsələlər var. Birinci Avropa Oyunları ilə bağlı qərəzli mövqelər səsləndirilir.

Bəzi məhkəmə qərarlarına Azərbaycanın daxilində də narazılıqlar var. Amma idman oyunlarını bəhanə edərək insan haqları məsələsinin bu formada gündəmə gətirilməsini biz yanlış hesab edirik. Bu baxımdan AŞPA-da bununla bağlı müəyyən mövqelərimiz səslənəcək. Qeyd edim ki, dəfələrlə belə hallar olub. Əslində, bu onların özlərinin də xeyrinə deyil. Çünki bu cür hərəkətlər Azərbaycanla münasibətləri yaxşılaşdırmağa xidmət eləmir.

Bizim əlimizdə hansı məsələlərin qərəzli, hansı təsir altında onların edildiyi barədə informasiyalar var. Məncə, bizim tərəfdən bu cür məsələlərə münasibət bildirilməlidir. Məsələn, Azərbaycanda mübahisəli şəkildə götürsək Ermənistanda prezident seçkilərində ölüm hadisəsi olub, həbs olunanlar güllələnib. Bizdə isə bu kimi faktlar yoxdur. İclasda Azərbaycan və Ermənistan müqayisəsi kontekstində məsələyə münasibət bildirməyi tələb edəcəyik”.

Deputatın fikrincə, işğala münasibət məsələsində də qeyri obyektiv bir mövqe var:  “Bunların hamısı səsləndirəcəyik. İnsan haqları ilə bağlı prezidentin xüsusi fərmanı var. Onun əsasında ölkədə görülən işlərdən danışılacaq. Təbii ki, məhkəmə səhvləri ilə bağlı hər şəxsin Avropa İnsan Haqları Məhkəməsinə müraciət hüququ var. Bu hüquqdan heç kim mərhum edilməyib. Ona görə alınan qərarların Azərbaycanda müəyyən hüquqi siyahısının tanınması məsələsi gündəmə gətiriləcək. Onun da şişirtmənin heç bir mənasının olmadığı göstəriləcək. Çünki hər kəs müraciət etmək hüququna sahibdirsə, məhkəmə səhvlərindən xilas olma imkanları var”

Fazil Mustafanın sözlərinə görə, siyasi motivli məsələlər isə bir az mübahisəlidir: “Çünki tutulanların hamısının siyasi motivli söyləmək doğru deyil. Əgər hər hansı QHT vergidən yayınırsa, bu məsələnin özü məhkəmədə ortaya qoyulursa, bu, başqa məsələdir. Amma bəzi həbslərə biz də etiraz edirik. Məsələn, Tofiq Yaqublunun həbsi yanlışdır. Reallıqda o, bir siyasi partiyanın müavinidir. Onun həbs olunması Azərbaycana iradların bildirilməsinə səbəb olur. İndiki şəraitdə onların həbsdən azad olunması çox vacibdir”.

Sevinc Yasinqızı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama